Kiyevdə elm məbədini də vurdular: Müharibə deyil, VƏHŞİLİKDİR!
Xəbər az əvvəl gəldi. Kiyevin mərkəzində, Şevçenko rayonunda Rusiyanın dronu birbaşa Ukrayna Milli Elmlər Akademiyasının binasına çırpılıb.
Bina yanır. İnsanlar diri-diri yanmamaq üçün pəncərələrdən boylanır. Kadrlara baxmaq belə ağırdır... Kiyev meri Kliçko təsdiqlədi: 1 qadın həlak olub, 3 yaralı var. Ukrayna XİN rəhbəri Sibiha acı gerçəyi dilə gətirir: "İş gününün ortasında elm adamlarının olduğu binanı vurdular". Zelenski isə xilasedicilərin hələ də dağıntılar altında adam axtardığını deyir.
Kitabxana, elm ocağı, yüzillik arxiv vuruldumu?
Vuruldu... Və heç bir halda təsadüf deyil!
Rusiya Müdafiə Nazirliyi nə deyəcək? Yenə eyni nağıl: "Data mərkəzini vurduq, hərbi rabitəni sıradan çıxardıq". Yalandır!
Vurulan bina Kiyevin mərkəzində, Taras Şevçenko Universitetinin, Opera Teatrının, Almaniya səfirliyinin böyründəki Elmlər Akademiyasıdır. İçində institutlar, laboratoriyalar, əsrlik arxivlər var. Əsgər yoxdur, professor var, alim var, kitab var.
Cəbhədə nəticə verə bilməyəndə elmi vururlar. Çünki məqsəd təkcə ordunu deyil, Ukraynanın ağlını, hafizəsini, yaddaşını öldürməkdir.
Biz bu dəsti-xətti haradan tanıyırıq? Xocalıdan, Ağdamdan, Şuşadan... Ermənistan da eyni vəhşiliyi edirdi: muzeyi yandırır, əlyazmaları məhv edirdi. İndi eyni zehniyyət Kiyevdə baş qaldırıb. Eyni vandalizm, eyni barbarlıq.
Arxiv vuruldumu? Bəli! Akademiya yanırsa, orada qorunan arxiv də yanır, laboratoriya da, kitabxana da.
Ukrayna Elmlər Akademiyasının 1918-ci ildən tarixi var. Burada ölkənin dilinə, tarixinə, elminə dair əvəzsiz xəzinə saxlanılır. İyul ayında da vurmuşdular, alimlər alovun içindən laboratoriya heyvanlarını xilas edirdilər.
İndi yenə vurdular. Çünki bilirlər ki, Ukraynanı diz çökdürə bilmirlərsə, onu savadsız, köksüz qoyub məhv etməlidirlər. Məktəbi, universiteti, kitabxananı vururlar ki, gələcək nəsil yetişməsin.
Faşizm elə budur!
Bunun adı müharibə deyil, mülki terrordur
Zərbənin iş saatında endirilməsi təsadüfi ola bilməz. Məqsəd daha çox can almaqdır. Zelenski haqlıdır: "Terror heç bir halda normallaşmamalıdır".
Bu gün təkcə Akademiya vurulmayıb. Darnitsa və Obolonda da yanğınlar var. Təkcə dünən gecə 496 dron və 74 raket atılıb. Bu, müharibə aparmaq deyil, bir şəhəri qorxu ilə yorub təslim etmək cəhdidir.
Dünya isə hələ də izləyir. Sibiqa haqlı olaraq deyir: "Cavabsız qalan hər hücum növbətisinə yol açır".
Bizə də dərs olsun
Bu gün Kiyevdə Elmlər Akademiyası yanırsa, sabah başqa bir ölkədə elm ocağı hədəf alınacaq. Çünki cəhalətin və təcavüzün məntiqi hər yerdə eynidir.
Rusiyanın bu hücumu bütün elm dünyasına qarşı cinayət kimi pislənməlidir. Kitabxanalar və akademiyalar hərbi obyekt deyil, bəşəriyyətin yaddaşıdır. Onu vuran ordu yox, vandaldır.
Ukrayna bu gün yalnız öz torpağını deyil, elmini, gələcəyini və mənəviyyatını qoruyur. Dəstəyimiz onların yanında olmalıdır.
Kiyevdə həlak olan qadına Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Elmi vuran heç bir güc tarixdə qalib gəlməyib. Kitabı yandıranlar, gec-tez o alovda özləri yanacaqlar...
Qiymət Mahir