İranın xilası "ATATÜRK MODELİ"ndədir: Türkiyəli politoloqun ŞƏRHİ

Təhlil

03.03.2026 15:08

“Bir tərəfdən Rusiya, digər tərəfdən Çin Amerikanı İranda uzunmüddətli və yorucu prosesə cəlb olunmasını arzulayır”.

Bunu türkiyəli politoloq, Prof. Dr. Hasan Oktay TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsində olduğu kimi, qısa müddətdə nəticə əldə ediləcəyi gözləntisi ilə başlanan hərbi əməliyyatın illərlə davam edən böhrana çevrilməsi ehtimalı var:

“Nəticədə Ukrayna böhranı artıq beşinci ilinə daxil olub. Eyni şəkildə Rusiya Amerikanın İrana qarşı əməliyyatının regional müharibəyə çevrilməsini və yalnız raket hücumları ilə kifayətlənməyərək quru əməliyyatlarına keçməsini, bununla da uzun illər davam edəcək qarşıdurmaya cəlb olunmasını istəyə bilər. Bu yanaşmanı müharibənin başlanğıcında Medvedevin açıqlamalarında da görmək mümkündür. Çin isə Amerikanın İranda uzunmüddətli qarşıdurmaya cəlb olunaraq diqqətini Çindən yayındırmasını məqsədəuyğun hesab edir”. 

QLOBAL MİQYASDA BÖHRAN 

Ekspertin qənaətincə, İran dünyanın mühüm enerji təchizatçılarından biridir və enerji resurslarının Hörmüz boğazı vasitəsilə dünya bazarlarına çıxarılması həyati əhəmiyyət daşıyır: 

“Boğazın qarşıdurma riski səbəbindən təhlükəsizliyinin zəifləməsi qlobal enerji bazarında ciddi daralma və qiymət artımına səbəb olur. Bu isə təkcə İran ilə Amerika arasında deyil, qlobal miqyasda böhran deməkdir”. 


Analitik qeyd edib ki, regional baxımdan İran ətrafındakı bütün dövlətlər, eləcə də Körfəz ölkələri və ərəb dünyası bu prosesdən ciddi şəkildə təsirlənir. Körfəz ölkələrindəki Amerika bazalarına İranın hücumları hadisələrin ərəb-fars qarşıdurmasına çevrilməsi riskini artırır. Bu məsələdə Səudiyyə Ərəbistanının İrana qarşı daha sərt mövqe tutmağa meyilli olduğu müşahidə edilir.  

QARŞIDURMA UZANARSA...

“Ukrayna, Suriya və İraq nümunələrində olduğu kimi, özünü təhlükəsiz hiss etməyən əhalinin daha sabit bölgələrə kütləvi köçü ola bilər. Hazırda İranın qonşuları arasında böyük miqrasiya axınına nisbətən davamlı qala biləcək üç ölkə Azərbaycan, Ermənistan və Türkiyədir. Ermənistanın əhalisi və iqtisadi infrastrukturu 500–600 minlik köç dalğasını belə çətinliklə qarşılayar. Türkiyə isə daha öncə Suriya təcrübəsində miqrasiya axınlarının iqtisadi və sosial yükü ilə üzləşib. İrandan mümkün 20 milyonluq köç dalğası həm Türkiyə, həm də Azərbaycan üçün ciddi riskə çevrilə bilər”.

DİPLOMATİYA FƏALLAŞDIRILMALIDIR

Hasan Oktay qarşıdurmanın tezliklə dayandırılması və regional təsirlərinin azaldılması üçün diplomatiyanın fəallaşdırılmasının vacibliyini vurğulayıb: 

“Amerika ilə İran arasındakı gərginliyə son qoyulması həm İran, həm də Amerika üçün zəruridir. Əks halda, hava hücumlarının quru əməliyyatlarına keçməsi, İranda genişmiqyaslı qarşıdurmanın yaranması və Amerika hərbçilərinin itkilərinin artması həm Amerika ictimai rəyi, həm də iqtisadi və hərbi resurslar baxımından ağır nəticələr doğura bilər. Bu isə Amerikanın zəifləməsini arzulayan Rusiya və Çinin maraqlarına xidmət edər. Lakin belə bir ssenari İran üçün də son dərəcə ağır nəticələrə səbəb olar. Bu vəziyyətdə ən doğru yol diplomatiyanı işə salmaq və tərəflər arasında vasitəçilik mexanizmlərini gücləndirməkdir”.


ƏLİ XAMENEİNİN ÖLDÜRÜLMƏSİNƏ REAKSİYALAR... 

Politoloq, həmçinin, İranın ali dini liderinin öldürülməsinin mümkün risklərinə də diqqət çəkib:   


“Əli Xameneinin öldürülməsi onu rəhbər kimi qəbul edən kütlələrin ciddi reaksiyasına səbəb ola bilər. Bu emosional reaksiyanın terror aktlarına və dünyanın müxtəlif bölgələrində sui-qəsd cəhdlərinə çevrilməsi riski yüksəkdir. Livanda "Hizbullah"ın İsrailə qarşı fəaliyyəti buna nümunədir. Lakin məsələni yalnız Livan və “Hizbullah” kontekstində qiymətləndirmək düzgün olmaz. Amerika və bu müharibədə ona dəstək verən bütün dövlətlər potensial təhlükə altında qala bilər”.

İRANDA SİSTEM DƏYİŞƏCƏK? 

O, eyni zamanda İranda sistem dəyişikliyi məsələsinin də gündəmə gələ biləcəyini qeyd edib:   

“Əli Xameneinin vəfatından sonra seçiləcək yeni rəhbərin Xamenei və ya Xomeyni səviyyəsində xarizma formalaşdırması və cəmiyyət üzərində oxşar təsir yaratması çətin görünür. Bunun üçün İranda dəyişiklik zəruridir. Bu dəyişimin istiqaməti olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün formalaşdırdığı dünyəvi, demokratik, çağdaş və konstitusiyaya əsaslanan bərabərlik hüququ sisteminin İranda tətbiq oluna biləcək ən uyğun model olduğu qeyd olunur. Bu model çərçivəsində, seçki yolu ilə hakimiyyətə gələn Prezident Məsud Pezeşkian  ətrafında aparılacaq islahat hərəkatı ilə İranın normallaşdırılması mümkündür”.  


Politoloq sonda əlavə edib ki, hazırda İran dövlət rəsmiləri və Amerika İran üçün yeni bir sistem axtarışı içində olduğu bir mərhələdə, Türkiyə modelinin İran, İraq, Suriya, Livan və hətta İsrail üçün mühüm bir qazanc kimi dəyərləndirilməsi və bu model əsasında bölgənin normallaşdırılmasının təmin edilməsi zəruridir.  

Jalə Rövşən

TodayPress TV

tag: Hasan Oktay,Politoloq,İran,Atatürk,Todaypress.tv,