İranı Ukraynanın taleyi gözləyir? – Bədbin proqnoz verildi...

Təhlil

28.02.2026 17:06

“Yaxın Şərq elə fəlakətli günlər yaşayır ki, nələrin baş verəcəyini dəqiq söyləmək mümkün deyil”.

Politoloq Fəqani Məhərrəmli bunu TodayPress TV-yə açıqlamasına deyib.


O qeyd edib ki, son illərdə Yaxın Şərqdə İranın “Hizbullah”, “Haşdi-Şabi”, Husilər, Suriya milisləri kimi proksi güclərinin bir-bir sıradan çıxarılması növbənin İrana da çatacağını göstərirdi:  

“Etiraf etmək lazımdır ki, İranın təriqət əsaslı siyasəti region üçün ciddi bir təhdid idi və bu yanlış siyasət artıq iflasa uğramışdı. ABŞ-nin İrana endirdiyi zərbələrin əsas hədəfi 47 illik rejim və bu rejimin liderləridir. Lakin rejimin müqavimət gücünün nə qədər davam edəcəyi, İranın Çin və Rusiya kimi müttəfiqlərinin hansı mövqe ortaya qoyacağı qeyri-müəyyəndir”. 

Analitik düşünür ki, uzun müddət davam edəcək savaş Yaxın Şərq ölkələri ilə yanaşı, dünyanı da ciddi şəkildə silkələyəcək: 


“Enerji qiymətləri və beynəlxalq dəniz ticarəti bu savaşdan mənfi mənada təsirlənəcək. Fikrimcə, savaşın 3–5 günə bitmə ehtimalı zəifdir. Xatırlayırsınızsa, Rusiyanın Ukraynaya hərbi təcavüzü haqqında da qısa müddət davam edəcəyi söylənilirdi. Lakin artıq 4 il keçsə də, savaş hələ də davam edir”.

Qeyd edək ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Bildirilib ki, ABŞ də əməliyyatda iştirak edir. ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində zərbələri İranın nüvə ambisiyalarından imtina etməməsi səbəbindən “tükənmiş səbrin” nəticəsi kimi izah edib.

Qiymət Mahir

TodayPress TV

tag: Fəqani Məhərrəmli,Politoloq,İran,Ukrayna,Todaypress.tv,