“İranda tələbə etirazları kütləvi hərəkat halına gələcək” – RƏY
Təhlil
23.02.2026 21:20
“İranda tələbələrin yenidən etirazlara qalxması ölkədəki genişmiqyaslı narazılığın yeni mərhələyə keçdiyinin göstəricisidir”.
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik qeyd edib ki, universitet kampuslarında yenidən başlayan aksiyalar yalnız bir qrup tələbənin narazılığı deyil, yanvar ayından davam edən sosial və siyasi gərginliyin yeni təzahürüdür.
Onun sözlərinə görə, əhali uzun müddətdir iqtisadi çətinliklərdən, xüsusilə valyuta məzənnəsinin zəifləməsi, inflyasiyanın artması və həyat şəraitinin pisləşməsindən şikayət edir.

“Bu problemlər əvvəlcə iqtisadi narazılıq kimi başlasa da, daha sonra geniş siyasi etirazlara çevrilərək 2025-ci ilin sonunda ölkə miqyasında yayılıb. Tələbələr həmin prosesdə əsas hərəkətverici qüvvə kimi çıxış edərək həm iqtisadi durumdan, həm də siyasi islahatlardan narazılıqlarını ifadə ediblər”, - deyə siyasi şərhçi xatırladıb.
Ekspert vurğulayıb ki, bu dəfə aksiyaların siyasi motivi daha aydın görünür və dövlət rəhbərliyinə qarşı ümumi narazılığı əks etdirir. Xüsusilə Tehran, Məşhəd və Əhər kimi şəhərlərdə yerləşən universitetlər siyasi baxımdan aktiv təbəqənin mərkəzi sayılır və bu səbəbdən etirazların şəhər mərkəzlərinə və ictimai məkanlara yayılması mümkündür.

R. Bayramov əlavə edib ki, tələbə etirazlarının kütləvi hərəkat halına gəlməsinə bir neçə amil təsir göstərə bilər:
“Universitetlərarası şəbəkənin mövcudluğu və müxtəlif şəhərlərdə aksiyaların eyni vaxtda keçirilməsi koordinasiyalı fəaliyyətin göstəricisidir. Bununla yanaşı, uzunmüddətli iqtisadi böhran, inflyasiya və işsizlik gənclər arasında narazılığı artırır və digər sosial təbəqələrin də prosesə qoşulmasına zəmin yaradır. Siyasi və hüquqi məhdudiyyətlərin davam etməsi, sosial sahədə çevik addımların atılmaması və tələbə hüquqlarının məhdudlaşdırılması da aksiyaların kütləvi xarakter almasını təşviq edən amillərdəndir”.
Siyasi şərhçi sonda bildirib ki, sosial media və kommunikasiya kanalları vasitəsilə məlumatların sürətlə yayılması indiki etirazların daha geniş hərəkatın katalizatoruna çevrilməsi ehtimalını artırır.
Qeyd edək ki, Tehranın Şərif Texnologiya, Şəhid Behişti, Əmir Kəbir Texnologiya Universitetinin tələbələri etiraz aksiyası keçirib. Bu, ölkə hakimiyyətinin yanvar ayında kütləvi etirazları yatırmasından bəri ilk etiraz aksiyasıdır.
Aysel Mətləb
tag: Rəşad Bayramov,İran,Etiraz,Aksiya,Universitet,Todaypress.tv,
