"İranda məqsədli xaos siyasəti hökm sürür" – Politoloq

Təhlil

05.03.2026 16:12

“İranda hazırda məqsədli xaos siyasəti hökm sürür. Bu doktrina uzun perspektivdə İranın özünə də ziyan vura bilər. Digər tərəfdən isə İran heç vaxt monolit olmayıb, indi isə ümumiyyətlə deyil”.   

Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hökumətin islahatçı qanadının bizə müsbət münasibətinə, İran Prezidenti Məsud Pezeşkiana və digərlərinə baxmayaraq, SEPAH qanadı daxilində Azərbaycana qarşı sərt, barışmaz mövqe asanlıqla dəyişməyəcək: 

“Bundan əlavə, hazırda soyuqqanlı olmaqda fayda var. Bu, oyun deyil, müharibə, xüsusilə ideoloji müharibədir. İranın xarici işlər naziri Abbas Əraqçi açıq şəkildə demişdi ki, indi ordu nisbətən daha azaddır. Ordunu dayandıracaq hər hansı dini rəhbər də yoxdur. Buna görə Əli Xamenei vacib qızıl orta yaradan, balansı saxlayan fiqur idi. Xameneinin ölümündən sonra yaranan vakumu asanlıqla doldurmaq mümkün deyil. Yəni İranda hazırda ordu, SEPAH, hətta onların daxilindəki qruplar da müstəqil hərəkət edir, istədikləri və düşündükləri addımları atırlar. Bir sözlə, İran indi kiçik-kiçik milyonlarla “HƏMAS”dan ibarət quruluşa çevrilib. Burada həm məqsədli siyasət var, həm də nəzarətdən çıxan proseslər”. 

K.Sultanlı Azərbaycanın ilk addımı atdığını, İrana nota verdiyini, etirazını və xəbərdarlığını etdiyini diqqətə çatdırıb. Onun fikrincə, növbəti addım Türkiyə ilə məsləhətləşmələr olacaq:  


“Hazırda çox ciddi informasiya savaşı da gedir və buna görə bir qədər təmkinli olmaq lazımdır. İran, xüsusilə onun daxilində olan SEPAH bizə heç vaxt dost olmayıb. İranda prosesləri izləyərkən anlamaq lazımdır ki, bu komputer oyunu deyil. Bu, regionda çoxillik regional balansın dağılmasıdır. Yeni balansın qurulması isə bir qədər ağrılı keçəcək. Azərbaycan indi şimalında Rusiya–Ukrayna, cənubunda isə İran müharibəsi kimi bir “Bermud üçbucağı”na düşüb. Ağıllı, soyuqqanlı və praqmatik siyasət bizi qoruya bilər. Xoşbəxtlikdən, Azərbaycan rəhbərliyində bu xüsusiyyətlər var. Ona görə təmkinli olmaq lazımdır. Lazım olan cavablar, təbii ki, veriləcək”.

Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Qiymət Mahir

TodayPress TV

tag: Kamran Sultanlı,Politoloq,İran,Xaos siyasəti,Todaypress.tv,