İrana qarşı koalisiya: Yaxın Şərqin NATO-su formalaşır?

Təhlil

26.02.2026 15:13

İsrailin baş naziri Benyamin Netanyahu yeni “hexagon of alliances” (Altıbucaq ittifaqlar) təşəbbüsü ilə bağlı açıqlamasında regionda həm “radikal sünni oxu”, həm də “radikal şiə oxu” ilə mübarizə aparmaq üçün dövlətlərarası şəbəkə qurmağı təklif edib.   

"Biz sünni və şiə oxlarına qarşı regional ittifaqlar quracağıq", - Netanyahu deyib. 

Maraqlıdır, ittifaqın əsas məqsədi nədir və bu təşəbbüs Yaxın Şərqdə kimləri təcrid etmək niyyəti daşıyır? 

Sözügedən mövzunu siyasi şərhçi Abutalıb Səmədov TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, Benyamin Netanyahunun irəli sürdüyü “Altıbucaq ittifaqlar” təşəbbüsünün əsas məqsədi ilk növbədə İrana qarşı balans mexanizmi formalaşdırmaqdır: 

“Radikal şiə oxu” dedikdə əsasən İran və onun regiondakı müttəfiqləri nəzərdə tutulur. Bura "Hizbullah", HƏMAS, İraqdakı şiə silahlı qrupları və Yəməndə fəaliyyət göstərən husilər daxildir. Bu baxımdan təşəbbüsün strateji məqsədi İranın regional təsir imkanlarını məhdudlaşdırmaq, onun proksi şəbəkələrini zəiflətmək və İsrailə qarşı formalaşmış çoxcəbhəli təhlükəni parçalamaqdan ibarətdir”.


Ekspert qeyd edib ki, “Altıbucaq ittifaqlar”ın məntiqi şəbəkə əsaslı təhlükəsizlik sistemi qurmaqdır: 

"Söhbət İsrail, Amerika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misiri birləşdirə biləcək təhlükəsizlik platformasından gedir. Rəsmi şəkildə bütün ölkələrin adları açıqlanmasa da, təşəbbüsün "İbrahim sazişləri”nin  genişləndirilmiş və institusionallaşdırılmış təhlükəsizlik modeli kimi nəzərdə tutulduğu ehtimal edilir". 

O, həmçinin diqqətə çatdırıb ki, bu model ikitərəfli əməkdaşlıqdan fərqli olaraq çoxtərəfli və koordinasiyalı mexanizmə əsaslanır. Belə bir sistem ölkələr arasında kəşfiyyat mübadiləsini gücləndirə, hava hücumundan müdafiə sistemlərini əlaqələndirə və İranın raket və pilotsuz uçuş aparatları təhdidinə qarşı kollektiv reaksiya verməyə imkan yarada bilər. Konseptual olaraq bu təşəbbüs Yaxın Şərq üçün NATO-ya bənzər kollektiv müdafiə mexanizmi kimi təqdim olunur.

A.Səmədov  sonda vurğulayıb ki, ittifaqın əsas dayağını ABŞ-nin  müttəfiqi olan ərəb dövlətləri, “İbrahim sazişləri”nə qoşulmuş ölkələr və İran təhlükəsini prioritet hesab edən sünni dövlətlər təşkil edə bilər. Təcrid edilməsi nəzərdə tutulan əsas hədəf isə İran və onun regiondakı proksi strukturları — "Hizbullah", HƏMAS, husilər və ümumilikdə Tehranın təsir şəbəkəsidir.

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,İran,NATO,Todaypress.tv,