İran uçurumun kənarındadır, itələsən, yıxılacaq... - RƏY

İran uçurumun kənarındadır,  itələsən, yıxılacaq... - RƏY
29.10.2026 16:11 Təhlil
Beynəlxalq münasibətlər sistemində növbəti kritik dönəm yaşanır. Vaşinqton və Tehran arasındakı illərlə davam edən sərt qarşıdurma fonunda Ağ Evdən gələn diplomatik siqnallar regionda yeni geosiyasi oyunun başlandığını göstərir. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın tapşırığı ilə sülh danışıqlarını bərpa etmək məqsədilə İran rəsmisi Möhsün Rezaiyə məktub göndərib. Məlumata əsasən, təşəbbüs gələn həftə keçiriləcək aralıq seçkilərindən sonra ABŞ-nin İrana mümkün yeni hücumunun qarşısını almağa yönəlib. Vaşinqton nüvə proqramı ilə bağlı güzəştlər, Tehran isə iqtisadi sanksiyaların yüngülləşdirilməsini istəyir. 

Maraqlıdır, ABŞ-nin bu təşəbbüsü İrana mümkün hücumun qarşısını ala bilərmi və Tehranın cavabı necə olacaq? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Əziz Əlibəyli bildirib ki, ABŞ-nin danışıqları bərpa etmək təşəbbüsü hər iki tərəf üçün müsbət qiymətləndirilə bilər:


"Müharibə həm ABŞ, həm də İran üçün ciddi maliyyə itkiləri yaradır. Buna görə də Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə gedərək, əvəzində sanksiyaların qismən aradan qaldırılmasına nail olmağa çalışa bilər".

Analitik hesab edir ki, İranın hazırkı vəziyyətdə yeni hərbi hücumun ağır nəticələrinə tab gətirmək imkanları məhdudlaşıb.

“İran hücum əməliyyatlarının yaratdığı böyük risklərə indiki dağıdıcı mərhələdə dözə biləcək gücdə deyil. İran uçurumun kənarındadır, onu bir dəfə itələmək qalır”, - deyə Ə.Əlibəyli vurğulayıb.

Onun fikrincə, yaxın günlərdə Tehran ABŞ-ın təklifinə müsbət cavab verə bilər. Lakin analitik düşünür ki, İranın razılığı tam öhdəlik götürməkdən daha çox, vaxt qazanmaq məqsədi daşıyacaq.

Jalə Rövşən 
XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər