Azərbaycanda işləyən gənclərin sayı azaldı - İşsizlik, yoxsa beyin axını?

Azərbaycanda işləyən gənclərin sayı azaldı - İşsizlik, yoxsa beyin axını?
29.10.2026 16:01 Sosial

"İşləyən gənclərin sayının azalması həm onların ölkədən getməsi, həm də işə qəbul prosesində mövcud olan "tapşırıq" sistemi ilə əlaqədardır. Daha aydın desək, işə qəbul zamanı tapşırıqla və ya maddi imkanları hesabına işə düzələnlərin üstünlük qazanması, lazımi imkanları olmadığı üçün pul qarşılığında işə qəbul oluna bilməyən gənclərin isə kənarda qalması bu vəziyyəti daha da ağırlaşdırır".

Bunu TodayPress TV-yə açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.

Onun sözlərinə görə, buna səbəb özəl sektorun əksər sahələrində gənclər hələ də qohumbazlıq, yerlibazlıq prinsipləri və eyni zamanda, əsassız təcrübə tələbləri ilə üzləşirlər. 

"Belə olan halda, təbii ki, onlar ölkə xaricinə üz tuturlar. Digər bir məsələ isə işçilərin hüquqlarının pozulması, onların iş saatlarından artıq işlədilməsi və Əmək Məcəlləsinin tələblərinə zidd olan digər hallardır. Bu kimi hallar da gəncləri ölkəni tərk etməyə, xarici ölkələrdə qalaraq işləməyə vadar edir. Ən acınacaqlı vəziyyət isə ölkədən beyin axınının baş verməsi, gələcəyin mütəxəssislərinin ölkəni tərk etməsidir".

İqtisadçı əlavə edib ki, gənclərin ölkədən getməsi ilə yanaşı, bu prosesin iqtisadiyyat üçün də ciddi fəsadları var:

"Belə ki, gənc nəslin ölkəni tərk etməsi doğum səviyyəsinin azalmasına, yaşlı əhalinin sayının artmasına və əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olur. Bütün bunlar məşğulluq səviyyəsinə və dövlət büdcəsinə daxilolmalara mənfi təsir göstərir. Nəticədə isə sosial xərclərin artması ilə yanaşı, ölkənin iqtisadi inkişafı və əmək bazarının gələcək perspektivləri də təhlükə altına düşür", - deyə G.Hüseynova fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər