Azərbaycanla 400 illik sülh bağlanılmalıdır - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhün davamlılığının təmin edilməsinin və institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan hökumət başçısı kimi əsas məqsədinin uzunmüddətli və dönməz sülhə nail olmaq olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsi mühüm əhəmiyyət daşıyır. Baş nazir dünyada baş verən proseslərin fonunda sülhün uzun illər ərzində qorunmasının vacibliyinə diqqət çəkib.
Paşinyanın sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət dünya nizamının sarsıldığını göstərir. O, belə bir şəraitdə sülhə nail olunmasını müsbət hal kimi qiymətləndirərək, əldə edilmiş nəticənin gələcək nəsillər üçün də qorunmasının vacibliyini qeyd edib.
“Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, – Ermənistanın Baş naziri bildirib.