Əliyevin dediyi "xarici risklər" kimlərdir ? - ŞƏRH

Əliyevin dediyi "xarici risklər" kimlərdir ? - ŞƏRH
28.10.2026 15:24 Təhlil

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında ölkənin təhlükəsizliyi və potensial risklər barədə vacib fikirlər səsləndirib. O qeyd edib ki, bütün potensial risklər və təhlükələr ölkə hüdudlarından kənardan gəlir.

Maraqlıdır, Azərbaycana hansı istiqamətlərdən potensial risklər gəlir?


Sözügedən mövzu ilə bağlı politoloq Əli Mustafa TodayPress TV-yə açıqlamasında bildirib ki, Azərbaycan üçün, doğrudan da, müxtəlif istiqamətlərdən potensial risklər mövcuddur:

“İlk növbədə, şimal istiqamətini qeyd edək. Rusiya-Ukrayna müharibəsi davam edir. Eyni zamanda, Rusiyanın Cənubi Qafqaza geosiyasi maraqları var və bir sıra məsələlərdə Rusiyadan təzyiqlər və potensial risklər gözləmək olar.

Təbii ki, Rusiya hələlik bölgədə təsir imkanlarını qoruyub saxlayır. Bununla yanaşı, digər güc mərkəzlərinin və imperiyaların da bu bölgəyə daxil olmaq, burada müəyyən imkanlar əldə etmək və təsir dairələrini genişləndirmək istədiklərini bilirik. Bu baxımdan Rusiyanın digər güclərlə rəqabəti, hətta mübarizəsi də müəyyən risklər yaradır.

Rusiya Cənubi Qafqazı özünün geosiyasi təsir dairəsində saxlamaq üçün bölgə dövlətlərinə təzyiq göstərə və müxtəlif vasitələrdən istifadə edə bilər”.

Analitik cənub istiqamətindəki risklərə diqqət çəkib:

“Bilirik ki, hazırda İran, ABŞ və İsrail arasında gərginlik mövcuddur. İranın qonşu dövlətlərə, o cümlədən Azərbaycana münasibətdə təzyiq və təhdid xarakterli bəyanatları da var.

Konkret olaraq hansı addımların atılacağını əvvəlcədən dəqiq söyləmək çətindir. Ancaq raket və dron hücumlarının şahidi olmuşuq. Vaxtilə, səhv etmirəmsə, martın 5-də və ya 6-da baş verən hücumu xatırlayırıq. Bu baxımdan risklər yenə də mövcuddur.

Bundan başqa, İranla ortaq sərhədimiz var və sərhəd bölgəsində müxtəlif insidentlərin baş verməsi ehtimalı da nəzərə alınmalıdır. İran bir sıra sərhəd istiqamətlərində quru qoşunları yerləşdirib. Bu da mümkün hərbi əməliyyatlarla bağlı riskləri gündəmə gətirir.

Nəhayət, İranın şimalında milyonlarla soydaşımız yaşayır. Sabah İran, ABŞ və İsrail arasında münaqişə genişlənərsə, həmin istiqamətdən ciddi miqrasiya axını yarana, humanitar problemlər meydana çıxa bilər. Bunlar da nəzərə alınmalı risklərdir”.

Müsahibimiz əlavə edib ki, qərb istiqamətində də Ermənistanla bağlı risklər mövcuddur:

“Ermənistanla sərhəddə atəşkəs pozuntuları gözlənilən təhlükələr sırasındadır. Hələlik sülh sazişi imzalanmayıb və Ermənistan silahlanır.

Eyni zamanda, İran, Rusiya və Qərb ölkələri ilə hərbi-strateji əməkdaşlıq çərçivəsində müxtəlif konfiqurasiyalar yarana bilər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması və sərhədlərin delimitasiya və demarkasiyasının başa çatmaması müəyyən gərginliklərə və risklərə yol açır”.

Politoloqun qənaətinə görə, şərqdən  də Xəzər dənizi ilə bağlı təhlükələr var:

“Xəzər dənizində də təhlükələr istisna deyil. Bu istiqamətdə İranın və Rusiyanın təsir imkanları var və həmin ölkələrdən qaynaqlanan təhlükə mənbələri mövcuddur. Buna görə də şərq istiqamətindən də müəyyən çətinliklərin və risklərin yaranması mümkündür”.

Jalə Rövşən

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər