Kamandan oxatma yığmamızdan möhtəşəm nəticə: qızıl və gümüş!
Azərbaycanın qadınlardan ibarət kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunun ikinci mərhələsində qızıl medal əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.
Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət komandamız finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan təmsilçiləri qarışıq komanda yarışında da uğur qazanıblar. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran idmançılarına uduzaraq gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, 19 ölkədən 120 idmançının qatıldığı turnir Dünya reytinqi yarışıdır. Yarış idmançılara, o cümlədən Yay Olimpiya Oyunlarının təsnifat mərhələlərinə hazırlıq çərçivəsində, qarşıdakı mühüm beynəlxalq turnirlər öncəsi dəyərli təcrübə qazandırır.
Namiq HUN