İran-İsrail-ABŞ qarşıdurması: Hansı ölkələr qoşulacaq? – İranlı POLİTOLOQUN ŞƏRHİ
Təhlil
02.03.2026 14:15
İran İsrail və ABŞ-nin hücumlarına cavab olaraq Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirir. Bir neçə ölkə, o cümlədən, BƏƏ artıq İrana qarşı cavab tədbirləri görəcəyini açıqlayıb.
Bəs həmin ölkələrin də münaqişəyə qoşulması halında regionu nə gözləyir?
Sözügedən mövzunu iranlı politoloq Məhəmməd Rəhmanifər TodayPress TV-yə şərh edib.

O qeyd edib ki, ərəb ölkələrinin müharibəyə birbaşa qoşulacağına dair nə rəsmi açıqlama, nə də konkret bəyanat mövcuddur:
"Belə qənaətə gəlmək olar ki, bu dövlətlər mövcud təhlükəni birbaşa üzərlərinə götürmək istəmirlər və daha çox Amerika Birləşmiş Ştatları və İsraillə müəyyən razılaşma və əməkdaşlıq çərçivəsində hərəkət etməyə üstünlük verirlər. Görünən odur ki, ön cəbhədə əsas rolun Amerika və İsrail tərəfindən icra olunması onların maraqlarına daha uyğundur".
Analitik bildirib ki, xüsusilə İranın Səudiyyə Ərəbistanına qarşı addımlarından sonra gözlənilirdi ki, Səudiyyə Ərəbistanı ortaya daha sərt mövqe qoyacaq:

"Şəxsən mən də belə düşünürdüm. Digər ərəb ölkələri ilə müqayisədə Səudiyyə Ərəbistanı kifayət qədər güclü hərbi potensiala malikdir. Onun hava qüvvələri regionda mühüm üstünlüyə sahibdir və hücum imkanları baxımından İranla müqayisədə daha əlverişli mövqedə olduğu bildirilir. Bu amillər mütləq nəzərə alınmalıdır. Lakin mövcud vəziyyət göstərir ki, ərəb ölkələri birbaşa qarşıdurmadan çəkinirlər. Ehtimal etmək olar ki, onlar regionda gərginliyin daha da artmasından və İranın nəzarətsiz reaksiyalarından narahatdırlar. Onlar üçün əsas prioritet öz ölkələrinin təhlükəsizliyini qorumaq və ərazilərini yeni hücum risklərindən uzaq tutmaqdır".
O, əlavə edib ki, bu ölkələr son illərdə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirib, böyük həcmdə beynəlxalq sərmayə cəlb edib və xarici investorlar üçün cəlbedici mühit formalaşdırıblar. Təhlükəsizlik mühitinin pozulması isə sərmayədarların geri çəkilməsinə səbəb ola bilər. Təbii ki, bu ölkələr belə bir riski qəbul etmək istəmirlər.
M.Rəhmanifər İranın Səudiyyə Ərəbistanında böyük neft zavoduna hücumuna diqqət çəkib:

"Bu gün yayılan məlumatlara görə, İran Səudiyyə Ərəbistanının ən böyük neft emalı müəssisələrindən biri olan “Aramko” neft emalı zavoduna hücum edib. Həmin müəssisədə Çin şirkətlərinin də əhəmiyyətli sərmayəsi olduğu bildirilir. Bu məqam xüsusi diqqət çəkir. Çünki bir neçə il əvvəl Yəməndə fəaliyyət göstərən husilər tərəfindən oxşar obyektə hücum edildikdə, Çin diplomatik kanallarla prosesə müdaxilə etmiş və məsələ ilə bağlı xəbərdarlıq etmişdi. Həmin hadisədən sonra bu tip hücumların təkrarlanmadığı müşahidə olunmuşdu".
O, bildirib ki, hazırkı vəziyyətdə İranın Çinlə yaxın münasibətlərinə baxmayaraq, belə bir addım atması ayrıca müzakirə mövzusudur.
"Hesab edirəm ki, ərəb ölkələrinin birbaşa müharibəyə qoşulması ehtimalı hazırda yüksək görünmür. Əgər belə bir niyyət olsaydı, indiyədək daha konkret addımlar atılardı. Bu ölkələrin Amerika və İsrailə siyasi və dolayı dəstək verib, birbaşa silahlı qarşıdurmaya daxil olmamaları daha real görünən ssenaridir", - ekspert fikrini tamamlayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub.
Jalə Rövşən
tag: Məhəmməd Rəhmanifər , iranlı politoloq,İran,İsrail,ABŞ,Todaypress.tv,
