İran Azərbaycanla münasibətləri NECƏ NORMALLAŞDIRA bilər? - ŞƏRH
Təhlil
06.03.2026 16:04
“İranın Naxçıvan Muxtar Respublikasında məktəbə və Naxçıvan Beynəlxalq Hava Limanına zərər yetirməsi ilə nəticələnən dron hücumu ciddi və qəbuledilməz hadisədir”.
Bunu TodayPress TV-yə açıqlamasında politoloq Əli Mustafa deyib.

O bildirib ki, baş verənlər Azərbaycanın mehriban qonşuluq siyasəti ilə uyğun gəlmir.
“Hazırda İran tərəfi müəyyən açıqlamalar versə də, bu bəyanatlar hadisənin bütün məqamlarını tam aydınlaşdırmır. Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd baş verib və terror xarakterli bir hadisə törədilib. Hər halda dronların İran ərazisindən gəldiyi məlumdur. Üstəlik, bu yalnız bir dron deyil, bir neçəsidir və bu da hadisənin təsadüfi olmadığını göstərir”.
Politoloq əlavə edib ki, hücumun konkret olaraq kimlər tərəfindən törədildiyini araşdırmaq İran dövlətinin məsuliyyətindədir:
“Düşünürəm ki, İranın ali siyasi və hərbi rəhbərliyi bu məsələni araşdırmalı, bu əməli törədən şəxslər müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda rəsmi şəkildə üzrxahlıq edilməlidir. Dronların İran ərazisindən buraxılması faktı məsuliyyətin hər halda həmin dövlətin üzərinə düşdüyünü göstərir. Hazırda Azərbaycan tərəfi məsələyə görə çox sərt mövqe sərgiləmir və böyük məbləğdə kompensasiya tələb etmir. Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər gücü və hüququ var”.
Ekspertin fikrincə, hazırda əsas məsələ hücumun arxasında kimin dayandığını müəyyənləşdirməkdir.
“Bu cinayəti kim törədib və kim Azərbaycan ərazisinə dron hücumu təşkil edib? Bu suallar mütləq aydınlaşdırılmalıdır. Bu hadisə İranın özü üçün də mənfi nəticələr yarada bilər. Hazırkı mürəkkəb şəraitdə Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanması İran üçün məqsədəuyğun deyil”.
Əli Mustafa hesab edir ki, İran rəhbərliyi hadisə ilə bağlı araşdırma aparmalı, günahkarları cəzalandırmalı, rəsmi üzr istəməli və belə hadisələrin bir daha təkrarlanmayacağı ilə bağlı öhdəlik götürməlidir.
"Bu halda iki ölkə arasında münasibətlərin normallaşması mümkündür. Əks halda isə bu hadisə həm regionda, həm də beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: İran,Naxçıvan,Əli Mustafa,Azərbaycan,Hücum,Todaypress.tv,
