İran-ABŞ gərginliyində SON VƏZİYYƏT - Müdafiə, yoxsa...

Təhlil

25.02.2026 17:44

“İranın Amerikanın bütün tələblərinə tam şəkildə cavab verməsi ehtimalı azdır. Əslində, danışıqlar prosesi başlayan kimi İranın nümayiş etdirdiyi mövqe də bunu deməyə əsas verir”.

Bunu politoloq Asif Nərimanlı TodayPress TV-yə açıqlamasında deyib. 


Analitik qeyd edib ki, Amerika və İsrailin İranla bağlı bir neçə əsas tələbi var idi: 

"Bunlara nüvə proqramının dayandırılması, raket proqramından imtina edilməsi, proksi qüvvələrə dəstəyin dayandırılması kimi məsələlər daxildir. Həmçinin İranda baş verən etirazlar fonunda əhalinin mövqeyinin nəzərə alınması məsələsi də gündəmdə idi.

ABŞ Prezidenti Donald Tramp da İranda hakimiyyət dəyişikliyi və ya ən azı lider dəyişikliyi məsələsini irəli sürürdü. Bu tələblər fonunda İran yalnız bir məsələni – nüvə proqramını müzakirə etməyə hazır olduğunu bildirməklə, əslində, geniş razılaşmadan uzaq olduğunu göstərmiş oldu".

O, qeyd edib ki, indiyədək bu məsələ ilə bağlı iki görüş keçirilib və növbəti görüşün də keçirilməsi planlaşdırılır. Müzakirələr əsasən nüvə proqramı ətrafında aparılır. Lakin İranın mövqeyi ondan ibarətdir ki, nüvə proqramından tam imtina qəbuledilməzdir. Tehran bunu suverenlikdən imtina kimi qiymətləndirir və nüvə proqramının dinc məqsədlərlə inkişaf etdirilməsini özünün suveren hüququ hesab edir.


"Digər tərəfdən, İranın Amerikanın bütün tələblərini qəbul etməsi daxildə hakimiyyətin təslim olması kimi dəyərləndirilə bilər. Bu səbəbdən İran rəhbərliyi bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Bununla belə, Tehran müharibə istəmir və hərbi müdaxilənin qarşısını almağa çalışır. İranın danışıqlara qatılması və müəyyən vədlər verməsi də məhz mümkün hərbi müdaxilənin qarşısını almaq məqsədi daşıyır".

A.Nərimanlı hesab edir ki, İran bu prosesdə daha çox vaxt qazanmağa çalışır: 

"Danışıqlar davam etdiyi müddətdə Tehran həm daxildə, həm də bölgə səviyyəsində mümkün hərbi müdaxiləyə hazırlaşır, ehtimal olunan qarşıdurma zamanı öz cəbhəsini formalaşdırmağa çalışır. İranın Rusiya və Çinlə birgə hərbi təlimlər keçirməsi, eləcə də Hörmüz boğazı ilə bağlı müvəqqəti bağlama ssenarilərini məşq etməsi də bu yanaşmanın tərkib hissəsidir".

Onun sözlərinə görə, hazırkı vəziyyətə baxdıqda, Amerikanın İran ətrafında ciddi hərbi qüvvə topladığı müşahidə olunur. Bununla belə, müəyyən amillər hərbi müdaxiləni gecikdirə bilər. Bu amillər sırasında Amerika daxilində, xüsusilə Tramp tərəfdarları arasında İrana qarşı hərbi müdaxilə məsələsində vahid mövqeyin olmaması, bölgə ölkələrinin belə bir müdaxiləyə qarşı çıxması və Çinin çəkindirici rolu yer alır.


"Gözləniləndir ki, danışıqlar prosesi davam edəcək və bir görüşlə yekun razılaşma əldə olunmayacaq. İran çalışacaq ki, görüşlər uzadılsın və bu yolla vaxt qazansın. Eyni zamanda istisna deyil ki, Amerika danışıqlar davam etdiyi bir vaxtda İrana məhdud, qısamüddətli hərbi zərbələr endirərək öz mövqeyinin ciddiliyini göstərməyə çalışsın. Bu addımın məqsədi İranı danışıqlar masasında güzəştlərə məcbur etmək ola bilər", - ekspert deyib. 

Politoloq sonda diqqətə çatdırıb ki, danışıqlar prosesi ilə hərbi gərginlik paralel şəkildə davam edə bilər:

"Hesab edirəm ki, İran Amerikanın bütün tələblərini qəbul etməyəcək. Çünki bu, daxili siyasi baxımdan təslimçilik kimi qiymətləndirilə bilər. Buna görə də Tehran həm danışıqlar masasında mövqeyini qorumağa, həm də mümkün hərbi qarşıdurmaya hazırlaşmağa davam edəcək". 

Jalə Rövşən

TodayPress TV

tag: Asif Nərimanlı,Politoloq,İran,ABŞ,Todaypress.tv,