Hikmət Hacıyevin telefon nömrəsi və Ermənistanda nələr yaşanır?
Ermənistanda bir dənə kütlə var:
Arxivdə nə qədər köhnə foto varsa, çıxarırlar, paylaşırlar və ağlaşırlar.
Təxminən, belə bir mənzərə yaranır ki, Azərbaycanda 2026, Ermənistanda isə 1992-ci ildir.
Şəhidlərimizdən uzaq, eynən o dövrə aid bizim görüntülərin səsini alıb, baxmaq kimidir, bilməzsən ki, Ermənistana aiddir.
Ermənistanda bir qrup bizim 90-larda yaşadığımız ictimai-siyasi, sosial – fiziki travmalardan keçir, ya da Ermənistanda iki qrup var və birinin rəhbəri Paşinyandır, digərininki isə Andronik və Nijdedir. Onlar isə çoxdan ölüblər.
Başa düşüləndir, bu qrup öz əməllərinin ucbatından itkidən və ağrıdan mazoxistcəsinə zövq alaraq, yaşayır və bir növ onları yaşadan da məhz bu qisas hissidir – ola bilər. Lakin zəhərlənmiş həmin təfəkkürə bizdə yer olmadığı kimi, Ermənistanda da yaşama vizası yoxdur. Çünki indiki baxışla desək, hər iki xalqın diplomatiya liderlərinin bərabər əməyi sayəsində o məğlublar bir daha məğlub olmağa davam edirlər.

Lakin, erməni təfəkkürü faktı qəbul edir, yəni gücə tapınır, yumşaq himayəyə isə xəyanət etməyə meyillidir.
Qarabağda alban irsi Azərbaycanın tarixinin spesifik səhifəsidir. Bunun bizim sahib çıxmağımızdan tənbii hansı yönü ola bilər ki, Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatların Qarabağa səfəri, alban irsi ilə tanışlığı ermənilərdə müharibədən sonra ən böyük zəlzələyə səbəb oldu, yaratıqları yalanların imperial mifi dağılmağa başladı deyə, böyük bir dalğa formalaşdırmağa çalışdılar.
Sonra təşəbbüs qruplarının görüşlərində fasilə baş verdi və ən sonda Ermənistan Kəşfiyyat rəisinin gecə ilə reallaşan Bakı səfəri.

Səfərdən şərh verməyə əlimizdə yeganə, əsəbi və ümidsiz foto olması bəlkə də bəs edir ki, emosional görünüşə görə nəticə hasil edək.
Dünya dəyişir, həmin dünya artıq mövcud deyil, qlobal hüquqlarda yoxa çıxıb, Azərbaycan güclü regional bağlar qurub, amma Ermənistan bu cür qlobal silkələnməyə hazır deyil.
Ölkə ona çalışır ki, bir an öncə qollarını açıb Azərbaycan və Türkiyəyə dayasın və həmin dövrü xəritədə adını saxlamağı bacarsın.
Bu iddia deyil, bu günümüzün olduqca dəhşətli reallığıdır. Bütün etik prinsiplər və qaydalar pozulub, oyanaya bilərsənsə, qalacaqsan, əks halda böyük güclərin ani həmləsi ilə tarixin dəyirmanında toz olmaq çox da çətin iş deyil. Ermənistan bax belə bir gündəmdə yaşayır. Ən əsası Ermənistanın o coğrafiyada olan bir Türkiyəsi yoxdur, torpağına göz dikən İran və başına qapaz vuran Rusiya, uzaqdan isə “qorxma” deyən Qərb var.
İndi isə belə bir Azərbaycana qarşı Ermənistanda anlaşılmaz səslər eşidilir.
Bu mümkündürmü?
Ermənistanda Alen Simonyan kimi Hikmət Hacıyevin şəxsi telefon nömrəsini bilən və daim əlaqə saxlayan bir sima da mövcuddur. Erməni xalqının üz ağlığı və Azərbaycan qüdrətinin şərhini ondan daha yaxşı kim bilər ki?
Simonyan kimi anlayışlı ermənilər özündə hələ də revanşizm duyğuları daşıyan əksər media mənsubları ilə üz-üzə qalmaqdadır. Onun vəzifələrindən biri də məhz bu kütləni idarə etmək və Azərbaycana sabah nə cavab verəcəyini düşünməkdir.
Dəyişkən dünyada balaca, lap balaca Ermənistanda ən böyük varsa, o da erməni xalqının özüdür. İdeyaları onları öldürür. Lakin praqmatizmi yaşadır.
Yaşamaq və qisas yox, sülh ağacları əkmək üçün Hacıyevin telefonu hələ ki, açıqdır.
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı