Hərbi əməliyyatlar masada: Trampın cavabında NƏ GİZLƏNİB?

Təhlil

05.02.2026 20:09

“ABŞ Prezidenti Donald Trampın cavabı İran üçün dolayısı ilə ciddi təzyiq və xəbərdarlıq mesajıdır”. 

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında bildirib. 


Onun sözlərinə görə, Ağ Ev liderinin İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə bağlı səsləndirdiyi “Mən deyərdim ki, o,  çox narahat olmalıdır” fikiri birbaşa mövqe yox, verilən sualın kontekstində formalaşan cavabdır.

Siyasi şərhçi vurğulayıb ki, İran ətrafında toplanan hərbi güc sıradan bir güc deyil. 

“Əgər bu güc sürətli, davamlı və dəqiq zərbələr üzərində qurulmuş planlı hərbi əməliyyata çevrilərsə, bu, İran rejiminin tam şəkildə gücsüzləşdirilməsi ilə nəticələnə bilər”.  

Onun fikrincə, bu ssenarinin baş vermə ehtimalı mövcuddur və məhz buna görə də İran rəhbərliyi narahat olmalıdır. 


Natiq Miri əlavə edib ki, Trampın bu cavabı eyni zamanda hərbi əməliyyatların hələ də masada olduğuna dair açıq mesajdır:  

“Bu, dolayısı ilə təzyiq mesajıdır. Əgər İran danışıqlar prosesində özünü güzəştsiz və güclü tərəf kimi aparmaqda davam edərsə, bu, hərbi əməliyyatların qaçılmaz olması deməkdir”. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibə verib. O, müsahibəsində bildirib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei çox narahat olmalıdır. 

Aysel Mətləb

TodayPress TV

tag: İran,Tramp,Xamenei,Natiq Miri,ABŞ,Todaypress.tv,