Havana üçün TƏHLÜKƏ SİQNALI: Tramp yeni hədəf seçdi!

Təhlil

28.01.2026 16:43

ABŞ Prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı Kubanın Venesueladan neft tədarükünün dayandırılmasından sonra iqtisadi cəhətdən iflas həddinə çox yaxın olduğunu bildirib.  

Onun sözlərinə görə, Kuba uzun müddət Venesueladan həm maliyyə, həm də neft alıb, lakin artıq bu dəstək yoxdur.

ABŞ Prezidenti qeyd edib ki, məhz bu amil Havana üçün ciddi risklər yaradır.

Trampın bu açıqlaması Kubada daxili sabitliyin sarsıdılması və rejim dəyişikliyi hədəfinin açıq mesajı kimi dəyərləndirilə bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Kuba ilə bağlı açıqlamaları sadəcə iqtisadi narahatlıqlarla məhdudlaşmır və Vaşinqtonun Latın Amerikası siyasətindəki daha geniş strateji məqsədlərini ortaya qoyur:


“Bu açıqlamalar yalnız Kuba iqtisadiyyatının vəziyyəti ilə bağlı deyil, eyni zamanda Havana rejiminə qarşı açıq təzyiq mexanizmi kimi çıxış edir. Kubanın ciddi risklərlə üz-üzə qalması barədə bəyanatlar iqtisadi problemlərin sadə təsviri deyil, daha çox siyasi təzyiq strategiyasının tərkib hissəsidir”.

Politoloqun sözlərinə görə, Trampın əsas məqsədi Kuba iqtisadiyyatını zəiflətməklə kifayətlənmir, eyni zamanda rejim dəyişikliyini stimullaşdırmaqdır:

“Hazırda Trampın siyasətinin mərkəzində Kuba rəhbərliyinə təzyiq göstərmək və ölkə daxilində mövcud narazılıqları gücləndirmək dayanır. Bu, məqsədyönlü və sistemli yanaşmadır. Kubanın uzun illər Venesueladan aldığı neft və maliyyə dəstəyi ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olub. Bu dəstəyin kəsilməsi əhalinin sosial vəziyyətinə birbaşa təsir göstərir və ciddi narazılıqlar yarada bilər. Trampın açıqlamaları isə məhz bu sosial gərginliyi beynəlxalq gündəmə çıxarmaq və Kuba rəhbərliyini zəiflətmək məqsədi daşıyır”.

Ekspert vurğulayıb ki, Tramp bu proses fonunda ABŞ-nin regiondakı mövqeyini də möhkəmləndirməyə çalışır:

“O, Latın Amerikasında ABŞ-nin rolunu gücləndirməyi, regional müttəfiqlərin mövqelərini bərkitməyi və Vaşinqtonun təsir imkanlarını artırmağı hədəfləyir. Bu açıqlamalar ABŞ-nin hegemonluğunu gücləndirmək niyyətindən xəbər verir və Latın Amerikası ölkələrində mövcud rejimlərə qarşı daha aqressiv siyasətin tətbiqinə hazır olunduğunu göstərir”.

R.Bayramov əlavə edib ki, Trampın Kubaya qarşı sərt təzyiqi geosiyasi məqsədlər daşıyır:

“Bu siyasət ABŞ-nin bölgədəki strateji mövqeyini möhkəmləndirməyə hesablanıb. Tramp bununla digər Latın Amerikası ölkələrində də ABŞ-nin təsir imkanlarını artırmaq və daxili dəyişiklikləri təşviq etmək niyyətindədir”.

Sonda politoloq vurğulayıb ki, Trampın Kubaya dair bəyanatları həm açıq, həm də gizli mesajlar ehtiva edir:

“Bu açıqlamalarla Tramp təkcə Kuba iqtisadiyyatına və daxili sabitliyə diqqət çəkmir, eyni zamanda Kuba xalqına və hökumətinə siyasi dəyişikliklərə yönəlmiş mesaj göndərir. Məqsəd sosial və siyasi təzyiq mühiti formalaşdırmaq və nəticə etibarilə Kuba liderliyinin dəyişməsinə zəmin yaratmaqdır. Bu isə ABŞ-nin Latın Amerikası siyasətində yenilənmiş və daha sərt yanaşmanın göstəricisidir”.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Bayramov,Politoloq,ABŞ,Kuba,Todaypress.tv,