Gərginliyin pik nöqtəsində KRİTİK ADDIM: Modi İsrailə niyə getdi?
Təhlil
27.02.2026 14:34
Hindistanın Baş naziri Narendra Modi Qəzza müharibəsi başlayandan bəri ilk dəfə İsrailə iki günlük səfərə gedib.
Maraqlıdır, mövcud geosiyasi reallıqlar fonunda bu səfər hansı siyasi mesajları verə bilər?
Mövzunu politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.

Onun sözlərinə görə, Modinin İsrailə mövcud geosiyasi şəraitdə səfəri diqqətçəkən hadisədir və bu, bir neçə aspektdən dəyərləndirilə bilər.
BALANSLAŞDIRILMIŞ XARİCİ SİYASƏT VƏ İKİ DÖVLƏT PRİNSİPİ
"İlk növbədə, Hindistan ənənəvi olaraq balanslaşdırılmış xarici siyasət yürüdür və əsas güc mərkəzləri ilə münasibətləri qorumağa çalışır. Bu baxımdan həm Amerika Birləşmiş Ştatları, həm Rusiya, həm də İsraillə əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. Eyni zamanda Hindistan Fələstin məsələsində iki dövlət prinsipini dəstəklədiyini bəyan edir. Modinin 2017-ci ildən sonra yenidən İsrailə səfəri münasibətlərdə yeni mərhələnin mümkünlüyünü göstərir".
Analitik vurğulayıb ki, İsrail və Hindistan təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirməyə çalışırlar:
"Regionda Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginlik davam edir. İsrail rəhbərliyi, xüsusilə Baş nazir Benyamin Netanyahu, İrana qarşı sərt mövqe tutur. Bu fonda İsrailin Hindistanla strateji dialoqu dərinləşdirmək istəyi anlaşılandır. Hindistan da öz növbəsində İsrailin inkişaf etmiş hərbi texnologiyalarından yararlanaraq müdafiə sənayesini gücləndirməkdə maraqlıdır".
ABŞ–İRAN HƏRBI TOQQUŞMASI
E.Mirbəşiroğlu bununla yanaşı, diqqətə çatdırıb ki, mümkün ABŞ–İran hərbi toqquşması Yaxın Şərqdə genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər ki, bu da regionda çalışan çoxsaylı hindistanlıların təhlükəsizliyi baxımından Dehli üçün həssas məsələdir. Bu səbəbdən təhlükəsizlik və regional sabitlik mövzuları da danışıqlarda yer ala bilər.
O, sonda əlavə edib ki, ümumilikdə, səfərin əsas məqsədinin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi olduğu qənaətinə gəlmək olar:
"Bu proses həm İsrail üçün yeni strateji tərəfdaşlıq imkanları, həm də Hindistan üçün müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir".
Jalə Rövşən
tag: Hindistan,İsrail,Qəzza,Narenda Modi,Todaypress.tv,
