“Fırtına öncəsi səssizlik”: ABŞ nə planlayır?
Təhlil
30.01.2026 17:58
Yanvarın 29-da ABŞ Prezidenti Donald Trampın yanında kəşfiyyat qurumlarının rəhbərləri və nümayəndələri ilə qapalı görüş keçirilib.
Görüşlə bağlı məlumat Ağ Evin saytında yerləşdirilsə də, müzakirə mövzusu açıqlanmayıb.
Onun Yaxın Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-nin İrana qarşı sərt ritorikası fonunda keçirilməsi diqqəti cəlb edir.
Maraqlıdır, ABŞ nə planlayır?
Mövzu ilə bağlı TodayPress TVyə danışan politoloq Çingiz Şahbazi ABŞ-nin İranla bağlı siyasəti çərçivəsində keçirilən qapalı görüşlərin ciddi geosiyasi məna daşıdığını bildirib:

“ABŞ-nin kəşfiyyat qurumunun nümayəndələrinin Trampın yanında qapalı görüş keçirməsi Yaxın Şərqdə geosiyasi gərginliklərin artdığı və İranla bağlı kritik mərhələnin yaşandığı bir vaxta təsadüf edir. Bu görüşlə bağlı rəsmi açıqlamanın verilməməsi mövzunun nə qədər həssas olduğunu açıq şəkildə göstərir. Mövcud regional fonu nəzərə alsaq, burada bir çox ciddi və real ssenarilərin müzakirə olunduğunu demək olar”.
Politoloqun sözlərinə görə, bu tip qapalı görüşlər adətən böyük proseslər ərəfəsində baş verir:
“Belə görüşlər çox vaxt “fırtına öncəsi səssizlik” mərhələsində keçirilir. Bu cür toplantılarda ABŞ daha çox öz təhlükəsizlik məsələlərini müzakirə edir. Hazırkı mərhələdə böyük ehtimalla Vaşinqton paralel şəkildə həm İrana qarşı blef edir, həm də özünü böyük müharibəyə hazırlaşırmış kimi təqdim etməyə çalışır. Lakin görünən odur ki, hələlik heç bir yekun qərar qəbul edilməyib”.
Ç.Şahbazi qeyd edib ki, Trampın İranla bağlı sərt ritorikası təsadüfi deyil:
“Tramp demək olar ki, hər gün İranı təhdid edir və qorxudur. Bu, İranı səhv addıma sövq etmək üçün hesablanmış siyasətdir. Biz bu yanaşmanı Rusiya–Ukrayna münaqişəsində də müşahidə etmişik. İndi də Tramp İranı şərtləri qəbul etməyə məcbur etmək üçün təzyiqi artırır. Əslində isə onun İrana qarşı birbaşa hərbi əməliyyatlara başlamaq barədə əmr verməkdən çəkindiyini demək daha doğru olar”.
Ekspertin fikrincə, bu mərhələdə ABŞ-nin İrana qarşı müharibəyə getməsi real görünmür:
“Bu, o demək deyil ki, İrana qarşı hərbi əməliyyat ehtimalı tamamilə istisnadır. Lakin hazırkı mərhələdə ABŞ-nin buna getmək niyyətində olmadığı hiss olunur. Daha çox ehtimal edilir ki, qapalı görüşdə İrana hücum planlarından deyil, belə bir addımın ABŞ üçün doğura biləcəyi ciddi fəsadlar və risklər müzakirə olunub”.
Çingiz Şahbazi diqqətə çatdırıb ki, İsrail amili də bu prosesdə mühüm yer tutur:
“Məlumdur ki, İsrail kəşfiyyat idarəsinin rəhbəri də hazırda ABŞ-dədir və o, Vaşinqtonda bir sıra qapalı görüşlər keçirib. Şübhəsiz ki, bu görüşlərdə ən kritik mövzulardan biri İranla bağlı olub. Burada Prezident Trampa İranın nüvə proqramının real mərhələsi, İranın ABŞ və İsrail hədəflərinə qarşı mümkün planları, eləcə də proksi qüvvələrin mövcud durumu ilə bağlı məlumatların təqdim edildiyi ehtimalı yüksəkdir”.
Ekspertin sözlərinə görə, müharibə riski ABŞ-ni ciddi tərəddüd qarşısında qoyur:
“ABŞ-nin birbaşa, dolayı və neytral variantları müzakirə edilib. İranın cavab verməsi halında Yaxın Şərqdə hansı nöqtələrin risk altında olacağı xəritələr üzərində izah edilib. Bu isə müharibə riskinin zəncirvari şəkildə artmasına səbəb olur və mümkün nəticələr ABŞ-ni ciddi düşünməyə vadar edir”.
Sonda Çingiz Şahbazi vurğulayıb ki, Tramp administrasiyasının əsas planı müharibəsiz təzyiq siyasətidir.
Məhz bu səbəbdən Trampın müharibəsiz “böyük planı”nın İranı daha da zəiflətmək olduğu ehtimalı güclüdür. İranı iqtisadi, siyasi, daxili və regional təzyiqlərlə sıxışdırmaq, ölkə daxilində etiraz dalğasını stimullaşdırmaq, sanksiyaları dərinləşdirmək və rejimi geri addım atmağa və ya çöküşə məcbur etmək hazırda ABŞ üçün ən aktual variant kimi müzakirə olunur.
Qiymət Mahir
tag: ABŞ,İran,Təhlil,Politoloq,Todaypress.tv,
