FƏTVA VERİLDİ! İraq məhv ola bilər — Daha bir müharibə...
Təhlil
24.02.2026 18:55
ABŞ-nin İrana hərbi müdaxilə ehtimallarının, eləcə də İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneinin öldürülməsi planlarının müzakirə edildiyi bir vaxtda İraqın ən nüfuzlu şiə dini lideri Ali əl-Sistani ABŞ-nin İrana hücumu halında cihad elan ediləcəyinə dair fətva verib.

Maraqlıdır, İraqda cihad elan olunması ehtimalı regiona hansı təhdidləri yarada bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi Ali əl-Sistaninin İraqda Nəcəf dini məktəbinin ən yüksək dini simalarından biri olduğunu bildirib:

“Dünyada, xüsusilə də İraq və İranda milyonlarla şiə əqidəsinə sahib insanlar üçün əl-Sistani ciddi dini fiqurdur və böyük hörmətə sahibdir. Onun fətvaları İraq və İranla yanaşı, həmçinin Pakistan, Hindistan və digər Körfəz ölkələrində də ciddiyə alınır. 2014-cü ildə “kifai-cihad” fətvası ilə İraqda silahlı səfərbərliyə böyük təsir göstərmişdi. Onun çağırışları xüsusilə İraq daxilində real mobilizasiya gücünə malikdir. ABŞ-nin birbaşa İrana qarşı hərbi əməliyyatlara başlaması təqdirdə və Sistaninin bununla bağlı cihad çağrışı ehtimalı, xüsusilə də İraqdakı ABŞ hərbi bazalarını ciddi risklərlə üz-üzə qoya bilər. Sistaninin fətvası İraqda şiə silahlı qrupların legitimlik hissini, heç şübhəsiz ki, artıracaq və bu da öz növbəsində İraqdakı ABŞ hərbi qüvvələrinə qarşı hücumların təşkil olunmasına gətirib çıxaracaq. Belə bir vəziyyət İraq hökumətini də çətin duruma sala bilər və İraqın daxilində də vəziyyəti ağırlaşdıra bilər”.

Ekspert Sistaninin mövqeyinin rəsmi Tehranla koordinasiyalı olmadığını izah edib:
“Nəzərə alsaq ki, Ali əl-Sistani İran xəttinə tam bağlı fiqur deyil və o, “Vilayəti-Fəqih” modelini, yəni İran modelini dəstəkləmir, daha çox İraq mərkəzli dini xətti təmsil edir, burada onun İran rejiminə bağlılığından daha çox şiə təəssübkeşliyindən qaynaqlandığını nəzərə alsaq, əl-Sistaninin mövqeyinin rəsmi Tehranla koordinasiyalı olmadığını görərik. Həmçinin onun cihad çağırışı İraq dövlətini də təhlükəsizlik baxımından riskli zonaya çevirir və hesab edirəm ki, İraq dövləti buna qarşı alternativ hazırlıqlara malikdir. Sistaninin cihad çağırışı İranın proksi qüvvələrinə daha çox istinad edilərək səslənib və bu qüvvələr zatən Tehranla əlaqədə olan qüvvələrdir. Bu baxımdan Sistaninin fətvası o qədər də effektiv hesab olunmamalıdır. Çünki bu qüvvələrə təlimatları əsasən Tehran verir. Sistaninin cihad çağırışı olmasa belə, o qüvvələrin ABŞ-nin hər hansı əməliyyatı fonunda aktivləşəcəkləri ehtimalı böyükdür. Əlbəttə, onların aktivləşməsi region üçün ciddi təhlükələr vəd edir. Regional sabitliyə ciddi təsir göstərəcək. Hörmüz boğazında ciddi gərginlik yaratmaq cəhdləri olacaq”.

Çingiz Şahbazi hesab edir ki, İraq Sistaninin bu kimi çağırışlarına cavab verəcək. Çünki iraqlılar müharibənin nə olduğunu bilir və müharibə onlar üçün, xüsusilə də ABŞ ilə müharibə riski, arzuolunmaz durumdur.
“Daha bir müharibə İraqın məhvinə səbəb ola bilər və bu baxımdan Sistaninin cihad çağırışının səslənməyəcəyi qənaətindəyəm”, - deyə analitik fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: İran,İraq,Müharibə,Tehran,Gərginlik,Fətva,Todaypress.tv,
