Ermənistanda Melkonyanı kim xortladır?

Ermənistanda Melkonyanı kim xortladır?
17.11.2026 11:18 Təhlil

Cənubi Qafqazda sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi taleyüklü məsələlərin müzakirə olunduğu bir vaxtda Ermənistanda atılan addımlar rəsmi İrəvanın səmimiyyətinə ciddi kölgə salır.

Belə ki,  Ermənistanda vaxtilə ASALA terror təşkilatının liderlərindən biri olmuş, vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmiş Monte Melkonyan haqqında “Monte” adlı film çəkilib. “Genetic Production” şirkətinin istehsalı olan, baş prodüserliyini Nona Sərkisyanın etdiyi və Melkonyanın həyat yoldaşı Seda Melkonyanın xatirələri əsasında lentə alınan bu ekran əsəri noyabrın 25-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.


İlk baxışdan bu layihə sadəcə bir prodakşn şirkətinin və ya ailə üzvünün təşəbbüsü kimi görünə bilər. Lakin pərdəarxası detallara və maliyyə mənbələrinə nəzər saldıqda sualın cavabı öz-özünə aydınlaşır: Melkonyanı "xortladan" və onun obrazını yenidən cəmiyyətin gündəminə gətirən birbaşa Ermənistanın rəsmi dövlət qurumlarıdır.

Dövlət büdcəsi ilə maliyyələşən terror təbliğatı:

Məlumatda açıq şəkildə göstərilir ki, “Monte” filminin əsas maliyyə mənbələri arasında Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, eləcə də İrəvan meriyası yer alır. Bu fakt məsələnin miqyasını və siyasi yükünü tamamilə dəyişir. Əgər söhbət özəl sektorun kommersiya maraqlarından getsəydi, bunu fərqli müstəvidə qiymətləndirmək olardı. Amma ölkənin təhsil və mədəniyyət strategiyasını müəyyən edən əsas qurumun, üstəlik, paytaxt meriyasının dövlət büdcəsindən bu filmə vəsait ayırması rəsmi İrəvanın ideoloji sifarişindən xəbər verir.


Burada ortaya çıxan əsas ziddiyyət isə bir tərəfdən Ermənistan rəhbərliyinin beynəlxalq tribunalardan "sülh kəsişməsi"ndən, qonşularla dinc yanaşı yaşamaqdan və keçmişin səhifələrini çevirməkdən danışması; digər tərəfdən isə həmin hökumətin gənc nəslə nümunə kimi təqdim etmək üçün terror keçmişi olan bir şəxsin həyatını ekranlaşdırmasıdır. Təhsil və Mədəniyyət Nazirliyinin bir layihəyə pul ayırması o deməkdir ki, həmin məhsul gələcək nəsillərin tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında "milli dəyər" kimi istifadə olunacaq.

Bəs Ermənistan dövlətinin büdcə hesabına qəhrəmanlaşdırmağa çalışdığı Monte Melkonyan əslində kimdir? Təsdiqlənmiş tarixi faktlara baxdıqda qarşımıza beynəlxalq terrorçu və müharibə cinayətkarı portreti çıxır:

Melkonyan ABŞ Dövlət Departamenti və bir sıra Qərb ölkələri tərəfindən rəsmən terror təşkilatı kimi tanınan ASALA-nın (Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu) ən fəal liderlərindən biri olub. O, Avropada türk diplomatlarına və dinc insanlara qarşı həyata keçirilən qanlı sui-qəsdlərin və partlayışların təşkilində və icrasında birbaşa iştirak edib. Məhz bu terror fəaliyyətinə görə Fransa məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib.


1990-cı ildə həbsdən azad edildikdən sonra Ermənistana gələn Melkonyan buradan Azərbaycanın Qarabağ bölgəsinə göndərilib. O, Xocavənd rayonunun işğalı zamanı Ermənistan silahlı qüvvələrinin ön cəbhə dəstələrinə komandanlıq edib.

Toplanan faktlar və şahid ifadələri təsdiqləyir ki, Melkonyan Xocalı soyqırımı zamanı girov götürülmüş dinc azərbaycanlılara, o cümlədən qadınlara və yaşlılara qarşı xüsusi qəddarlıqla işgəncələrin verilməsində şəxsən məmnuniyyətlə iştirak edib.

Yaxşı, belə bir bioqrafiyaya malik şəxsin həyat yoldaşının subyektiv xatirələri əsasında romantikləşdirilməsi və dövlət dəstəyi ilə kinoteatrlara çıxarılması təsadüfi prosesdirmi? Bu, Ermənistan cəmiyyətində hələ də revanşist ideyaların diri saxlanılmasına xidmət edən növbəti addımdır.


Əgər rəsmi İrəvan həqiqətən də regionda uzunmüddətli sülh istəyirsə, ilk növbədə öz cəmiyyətini sülhə hazırlamalı, nifrət və terror ideologiyasından imtina etməlidir. Lakin İrəvan meriyası və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin imzası ilə ərsəyə gələn "Monte" filmi Ermənistanda dövlət siyasətinin hələ də ASALA terrorçularının kölgəsindən xilas ola bilmədiyini bariz ortaya qoyur.

Nə qədər ki, İrəvanda terrorçulara abidə ucaldılır, onların adına filmlər çəkilir və dövlət büdcəsindən bu təbliğata milyonlar xərclənir, Ermənistan hakimiyyətinin sülh bəyanatları nağıl  olaraq qalacaq.

Jalə Rövşən

TodayPress TV  

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər