Ermənistana silah, Azərbaycandan qaz: Hindistan nə planlayır?

Təhlil

09.02.2026 17:39

İllərdir Ermənistana silah satan Hindistan Azərbaycandan qaz almaq niyyətinə düşüb.


Məlumata görə, Hindistanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Bharat Petroleum” mayeləşdirilmiş qazın alışı üçün Azərbaycanın dövlət neft şirkəti ilə danışıqlar aparır. 

Bəs bu istiqamətdə anlaşmanın əldə olunması Bakı və Nyu-Dehli arasındakı soyuq münasibətlərə son qoya bilərmi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığı Bakı–Nyu-Dehli münasibətlərində uzun müddətdir siyasi soyuqluq yaradıb və enerji sahəsində mümkün təmaslar bu münasibətlərdə ziddiyyətli, lakin yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:


“İllərdir Hindistanın Ermənistanla mövcud hərbi-texniki əməkdaşlığı, xüsusilə silah satışları Bakı–Nyu-Dehli münasibətlərində təbii olaraq ciddi siyasi soyuqluq yaradıb. Azərbaycan haqlı olaraq bu əməkdaşlığı açıq şəkildə milli təhlükəsizlik maraqlarımıza zidd addım kimi qəbul edib və Hindistan Cənubi Qafqazda balansı pozan aktorlardan biri kimi dəyərləndirilib. Bu kontekstdə Hindistanın Azərbaycanın dövlət neft şirkəti ilə mayeləşdirilmiş təbii qaz alışı üzrə danışıqlara başlaması münasibətlərdə yeni, lakin ziddiyyətli bir mərhələnin siqnalı kimi qəbul edilə bilər”.

Onun sözlərinə görə, Hindistanın bu addımının arxasında siyasi deyil, əsasən praqmatik və enerji təhlükəsizliyi maraqları dayanır:

“Hindistanın motivasiyası ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Sürətlə böyüyən iqtisadiyyat, artan enerji tələbatı, eləcə də Rusiya və İranın enerji məhsullarına tətbiq olunan sanksiyalar Nyu-Dehlini alternativ və etibarlı tədarükçülər axtarmağa vadar edir. Azərbaycan isə həm siyasi baxımdan stabil, həm də enerji resurslarını etibarlı şəkildə ixrac edə bilən ölkə kimi Hindistan üçün cəlbedici tərəfdaşdır. Burada Hindistan üçün əsas məsələ siyasi simpatiya deyil, praqmatik maraqlardır”.

Politoloq qeyd edib ki, enerji sahəsində mümkün əməkdaşlıq münasibətlərin tam istiləşməsi anlamına gəlmir:


“Bu baxımdan belə bir enerji əməkdaşlığının Bakı–Nyu-Dehli arasındakı soyuq münasibətlərə real şəkildə son qoyub-qoya bilməyəcəyinə birmənalı cavab vermək çətindir. Düşünürəm ki, münasibətlər tam olaraq istiləşməsə də, müəyyən yumşalma mümkündür. Enerji sahəsində mümkün razılaşma tərəflər arasında dialoq kanallarını genişləndirə, texniki və kommersiya səviyyəsində qarşılıqlı asılılıq formalaşdıra bilər. Bu isə avtomatik olaraq siyasi ritorikanın tonunu aşağı sala bilər”.

R.Bayramovun fikrincə, strateji normallaşma üçün əsas maneə Hindistanın Ermənistanla hərbi əməkdaşlığının qalmasıdır:

“Bununla belə, strateji səviyyədə münasibətlərin normallaşması üçün təkcə qaz ticarəti kifayət deyil. Azərbaycan üçün əsas həssas məsələ Hindistanın Ermənistanı silahlandırmasıdır. Bu məsələ dəyişmədiyi müddətdə Bakı Hindistanı tam etibarlı tərəfdaş kimi qəbul etməyəcək. Enerji anlaşması bu kontekstdə daha çox sektorlararası izolyasiya siyasəti kimi qiymətləndirilə bilər. Başqa sözlə, tərəflər geosiyasi fikir ayrılıqlarını bir kənara qoyaraq yalnız konkret iqtisadi maraqlar üzərində əməkdaşlıq edə bilərlər”.

Ekspert əlavə edib ki, bu proses Hindistan üçün də Cənubi Qafqaz siyasətində manevr imkanları yarada bilər:

“Digər tərəfdən, bu proses Hindistan üçün də müəyyən diplomatik manevr imkanları yaradır. Nyu-Dehli Cənubi Qafqazda yalnız Ermənistan üzərindən mövqe tutmağın uzunmüddətli perspektivdə məhdudlaşdırıcı olduğunu anlayır və Azərbaycanla enerji əməkdaşlığı vasitəsilə regional balansı qismən bərpa etməyə çalışa bilər. Bu, Hindistanın Ermənistanla hərbi əməkdaşlıqdan tam imtinası demək olmasa da, gələcəkdə daha ehtiyatlı davranmasına səbəb ola bilər”.

Politoloq sonda vurğulayıb ki, qaz ixracı münasibətlərin mahiyyətini köklü şəkildə dəyişmir:


“Beləliklə, Azərbaycan qazının Hindistana mümkün ixracı Bakı–Nyu-Dehli münasibətlərində buzların qırılması yox, daha çox əriməsi kimi qiymətləndirilə bilər. Bu addım siyasi soyuqluğu avtomatik aradan qaldırmasa da, tərəflər arasında daha rasional və praqmatik münasibətlər üçün zəmin yarada bilər. Münasibətlərin real istiləşməsi isə Hindistanın regional təhlükəsizlik məsələlərində, xüsusilə Ermənistanla hərbi əməkdaşlıqda tutacağı mövqedən birbaşa asılı olacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Bayramov,Politoloq,Azərbaycan,Ermənistan,Hindistan,Todaypress.tv,