Ermənistan Rusiyanın təsirindən çıxır: Proses nə ilə nəticələnəcək?
Təhlil
13.02.2026 17:45
Ermənistan ABŞ-nin rəhbərlik etdiyi və 13 milyard dolları keçə biləcək investisiya dalğasına hazırlaşır.

“Bloomberg”ə görə, bu vəsait ölkənin illik iqtisadi məhsulunu demək olar ki, ikiqat artıracaq və Rusiyadan uzunmüddətli asılılığı zəiflədəcək.
KİV qeyd edib ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bu həftə Ermənistana səfəri və burada 9 milyard dollarlıq mülki energetika tərəfdaşlığı sazişini imzalaması Vaşinqtonun bu kiçik keçmiş sovet respublikası ilə əlaqələrinin kəskin şəkildə dərinləşməsinin göstəricisidir. Süni zəka layihəsinin 4 milyard dollarlıq ayrıca genişləndirilməsi də Ermənistanın 27 milyard dollarlıq iqtisadiyyatının perspektivlərini dəyişməyə kömək edə bilər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, Ermənistan bir çox strateji sahələrdə ciddi şəkildə Rusiyadan asılıdır və bu asılılıq ölkə üçün müəyyən məcburiyyətlər yaradır:

“ABŞ-nin Ermənistanla bağlı siyasətində əsas prioritetlərdən biri ölkəni Rusiyanın asılılığından tədricən çıxarmaqdır və bu istiqamətdə əsas strateji sahələr önə çıxır. İlk növbədə enerji məsələsi dayanır. Çünki enerji həm sənayenin inkişafına, həm insanların istiliklə təmin olunmasına, həm də perspektivdə yaradılacaq süni intellekt data mərkəzlərinin enerji təminatına sərf olunacaq əsas resursdur. Bu baxımdan enerji sahəsi prioritet təşkil edir.
Digər strateji istiqamətlərdən biri elektronika, elektron cihazlar və xüsusilə çiplərin birgə istehsal müəssisələrinin yaradılmasıdır. Bununla bağlı qlobal şirkət olan “Nvidia”ya ABŞ-də konkret lisenziya verildiyi bildirilir. Hətta məlumatlara görə, bu çiplərin istehsalına ya başlanmaq üzrədir, ya da proses artıq bu mərhələyə çatıb. Çiplər bu gün inkişaf etmiş ölkələr üçün olmazsa olmaz detallardır. Bütün strateji silahların, o cümlədən ballistik raketlərin və dronların istehsalında çiplər əsas komponentdir. Bu gün çiplərin böyük hissəsini istehsal edən ölkələrdən biri qlobal güc olan Çindir və belə istehsalın Ermənistanda təşkil olunması ölkəyə yeni imkanlar açacaq. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Ermənistan iqtisadiyyatına ciddi töhfə verəcək”.
Onun sözlərinə görə, digər mühüm istiqamət bağlantılar, yəni yeni nəqliyyat kommunikasiyalarıdır:
“Bu kontekstdə Ermənistanın blokadadan çıxarılması məsələsi gündəmə gəlir. Doğrudur, burada Azərbaycanın rolu çox böyükdür, çünki birtərəfli qaydada blokadanın aradan qaldırılması ilə bağlı siyasi qərarı məhz Azərbaycan verdi. Ancaq hər bir halda ABŞ də bu məsələdə maraqlıdır və yeni kommunikasiya sistemlərinin, o cümlədən dəmir yollarının, avtomobil yollarının və enerji xətlərinin qurulması üçün böyük investisiyalar planlaşdırılır.
Yeni kommunikasiya sistemlərinin yaradılması və bağlantıların qurulması Ermənistana dünya iqtisadiyyatına inteqrasiya imkanı verəcək. Bu imkanlar olmadan Ermənistan heç zaman Rusiyanın təsir dairəsindən çıxa bilməz. Buna görə də haradansa başlamaq lazım idi və ABŞ, əsasən, bu strateji istiqamətlərdən başlamağa qərar verib. Bu, doğru qərardır və perspektivdə Ermənistanı tədricən Rusiyanın asılılığından çıxara bilər”.
Politoloq qeyd edib ki, enerji asılılığının azalması bu prosesdə həlledici rol oynaya bilər:

“Əgər enerji asılılığı Rusiyadan azalarsa və perspektivdə enerji daşıyıcıları, xüsusilə avtomobil yanacağı və qaz təchizatı qonşu Azərbaycan tərəfindən təmin olunarsa, bu, Ermənistanın Rusiyadan asılılığının mərhələli şəkildə azalması demək olacaq. Eyni zamanda Ermənistanın dəmir yolları hazırda Rusiya Dəmir Yolunun törəmə şirkətinin idarəetməsi altındadır. “Tramp marşrutu”nun icrası və yeni kommunikasiya sisteminin dövriyyəyə girməsi tədricən bu sahədə də Rusiyanın monopoliyasını zəiflədə bilər”.
Natiq Miri hesab edir ki, Avropa ilə mümkün inteqrasiya da Ermənistan üçün alternativ çıxış yolları yarada bilər:
“Perspektivdə Avropa ilə daha sıx inteqrasiya baş verərsə, Ermənistan məhsullarına, o cümlədən kənd təsərrüfatı məhsullarına Avropa bazarlarında kvotalar ayrılması və yeni bazarların müəyyənləşdirilməsi mümkün ola bilər. Bu isə Ermənistan üçün Rusiya və Avrasiya İttifaqı məkanından kənarda alternativ bazarlara çıxış deməkdir. Təbii ki, asılılıq dərhal aradan qalxmayacaq. Lakin əsas hədəf Rusiyadan asılılığı azaltmaq, iqtisadi, siyasi, hərbi, təhlükəsizlik və enerji sahələrini şaxələndirməkdir. Bu isə perspektivdə Ermənistanın suverenliyinə ciddi töhfə verə bilər”.
Ekspert vurğulayıb ki, ABŞ vitse-prezidenti Vensin Ermənistana səfəri ilə bağlı Rusiyada hiss olunan narahatlıq da bu proseslə əlaqəlidir:

“Bununla bağlı skeptik və ictimai rəyi qorxutmağa yönəlmiş açıqlamalar səsləndirilir ki, bunlar qərəzlidir. Çünki Rusiya heç bir halda Ermənistanın öz orbitindən çıxmasını istəmir. Proses ağrılı ola bilər, lakin artıq bunun həyata keçirilməsi üçün ilkin şərtlər – siyasi qərarlar, hüquqi çərçivələr, investisiya mühiti formalaşdırılır. Başlanğıc hər zaman çətin olur. Ancaq haradansa başlamaq lazımdır və artıq bu istiqamətdə strateji qərarlar qəbul edilir, addımlar atılır.
Əgər bütün bunlar Rusiyanın iddia etdiyi kimi guya ABŞ-nin yalanlarından ibarətdirsə, o zaman Rusiya rəsmilərinin narahatlığını necə izah etmək olar? Əgər narahatlıq varsa, deməli, bunun üçün ciddi zəmin və əsaslar mövcuddur”.
Qiymət Mahir
tag: Natiq Miri,Politoloq,Ermənistan,Rusiya,Todaypress.tv,
