Ermənistan Polşadan silah alacaq: “Sülhə təsir göstərə bilməz!”

Təhlil

20.02.2026 20:25

"Ermənistanın hərbi xərclərinin azalması fonunda Polşadan silah alınması Azərbaycan üçün narahatlıq doğurmur".

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik izah edib ki, Ermənistanın hərbi büdcəsi 1 milyard 460 milyon səviyyəsində təsdiqlənib və bu göstərici əvvəlki illə müqayisədə 16% azalıb. Onun sözlərinə görə, rəsmi İrəvan bu büdcəni əsasən xaricdən hərbi texnika almaq üçün formalaşdırır.

Siyasi şərhçi əlavə edib ki, Polşadan mümkün silah alışları Azərbaycan üçün təhlükə yaratmır:

"Ermənistanla müqayisədə Azərbaycanın hərbi büdcəsi təqribən üç dəfə çoxdur və Azərbaycan dünyanın ən qabaqcıl ölkələrinin istehsal etdiyi silahları əldə edir. İki ölkənin orduları arasında güc fərqi getdikcə artır və Azərbaycan ordusu daha üstün mövqedədir".

A. Səmədovun fikrincə, ilin sonunda imzalanacağı gözlənilən sülh sazişinə bu kimi addımlar təsir göstərə bilməz. 


O əlavə edib ki, əsas risk parlament seçkiləri ilə bağlıdır. Əgər seçkilərdə rusiyayönümlü qüvvələr qalib gəlsələr, bir sıra layihələrin icrası çətinləşə, bölgədə gərginlik arta, yeni Ermənistan konstitusiyasının qəbulu mümkünsüz ola və nəticədə sülh sazişi imzalanmaya bilər.

"Azərbaycan üçün əsas narahatlıq məhz parlament seçkiləridir və digər məsələlər sülh prosesinin davamına maneə yarada bilməz", - deyə politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, "Ermənistan Müdafiə Nazirliyi ilə Polşa Milli Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq haqqında" saziş layihəsi təsdiqlənib.


Saziş layihəsinə əsasən, o, beynəlxalq müdafiə əməkdaşlığının genişləndirilməsinə və hərbi-texniki sahədə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə kömək edəcək.

Aysel Mətləb

tag: Abutalıb Səmədov,Polşa,Ermənistan,Sülh,Todaypress.tv,