Ermənistan müxalifətinin “DEMOQOGİYA” SİYASƏTİ – Bu dəfə də feyk xəbərlər...

Təhlil

05.03.2026 17:10

Ermənistan müxalifətinin lideri Arman Tatoyan Azərbaycanın guya Ermənistan ərazisində yeni hərbi postlar qurduğunu iddia edib. Lakin beynəlxalq və rəsmi mənbələr bu iddianı təsdiqləmir. 


Ekspertlər hesab edirlər ki, yaranan bu “hay-küy” yaxın günlərdə keçirilməsi gözlənilən delimitasiya komissiyasının növbəti iclası ilə bağlıdır.  

Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi komissiyanın budəfəki görüşünün Ermənistanda keçirilməsi gözlənilir.   

Maraqlıdır, Ermənistan müxalifəti bu iddialarla nə etmək istəyir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi olduqca çətin və zaman tələb edən bir prosesdir:

“Azərbaycan və Rusiya arasında bu proses təxminən 15 ilə qədər davam etsə də, Gürcüstanla hələ də başa çatmayıb. SSRİ dağıldıqdan sonra isə Azərbaycan və Ermənistan arasında heç vaxt hər iki tərəfin razılaşdırdığı sərhəd xətti olmayıb və tərəflər arasında uzunmüddətli münaqişə bu prosesi daha da çətinləşdirir.


Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası başa çatmadan Azərbaycanın Ermənistan ərazisində post qurduğu barədə iddiaların irəli sürülməsi erməni müxalifəti tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır. Ermənistanın beynəlxalq qanunlarla tanınan ərazisində hərbi məqsədlərlə inşa etdiyi istehkam qurğuları var və bunu Azərbaycan tərəfi də bilir. Rəsmi Bakı sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, bu prosesə mane olmayıb".


B.Həsənbəylinin sözlərinə görə, sərhədlərin müəyyən edilməsi və nişanlanması prosesində bu vəziyyət işə mane olacaq amil ola bilər:

"Erməni müxalifəti Paşinyana qarşı mübarizənin hüquqi əsasını yaratmaq üçün Azərbaycanın guya Ermənistan ərazisində postlar qurduğu barədə məlumatları dövriyyəyə buraxır. Azərbaycan isə əks tərəfdən hər an təhlükə riskini nəzərə alır və ehtiyat tədbirləri görür. Bu, normaldır. Ən azından ona görə ki, yaddaşımızda 30 illik işğal təcrübəsi var. Bu tip addımların atılması hərbi və hüquqi baxımdan əsaslandırıla bilən hallardır. Hətta sülh müqaviləsinin bağlanması kontekstində belə ölkəmizin təhlükəsizliyi ilə bağlı atılan istənilən addım beynəlxalq normalara qətiyyən zidd deyil. Tatoyan və onun kimi erməni müxaliflərinin həqiqəti əks etdirməyən iddiaları əslində sərhədlərin müəyyən edilməsi və nişanlanması prosesinə mane olmaq məqsədi daşıyır. Çünki erməni müxalif zehniyyəti hələ də revanşist düşüncədən əl çəkməyib və bu tip iddialar hökumətlərarası komissiyanın işinə mane olmaq məqsədi güdür. Tatoyan və eyni zehniyyəti daşıyanlar yeni təxribatlar üçün zəmin hazırladıqlarını düşünürlər. Ermənistanda iyun seçkiləri ilə bağlı ciddi gərginlik var və bu proses 7 iyuna qədər artan xətlə davam edəcək".

Analitik düşünür ki, erməni müxalifətinin iddiaları və Paşinyan komandasına təsir imkanları siyasi “demoqogiyadan” uzağa getməyəcək:


"Erməni müxalifətinin əsas məqsədi Paşinyan hakimiyyətini müxtəlif formatlı feyk xəbərlərlə nüfuzdan salmaqdır. Bunu növbəti, hədəfdən yan keçən mesaj kimi dəyərləndirirəm və Azərbaycan–Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəyini düşünmürəm”. 


Qiymət Mahir

tag: Ermənistan ,Arman Tatoyan,Mher Qriqoryan,Şahin Mustafayev,Todaypress.tv,