Ermənistan hakimiyyəti mina xəritələrini Azərbaycana verməlidir – RƏY

Təhlil

21.02.2026 20:43

“Ermənistan hakimiyyəti mina xəritələrini ya Azərbaycana tam təqdim etməli, ya da onların mövcud komandanın əlində olmadığını əsaslandırmalıdır”.

Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik vurğulayıb ki, Ermənistanla Azərbaycan arasındakı sülh prosesi artıq xeyli dərəcədə dönməz xarakter alıb. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə siyasi iradəsi açıq şəkildə müşahidə olunur. Ekspertin sözlərinə görə, sülh prosesini məntiqi sonluğa çatdırmaq niyyəti realdırsa, həll olunmamış heç bir məsələ qalmamalıdır və mina xəritələrinin təqdim edilməsi də bu kontekstdə aktuallaşır.


“Ermənistanın hazırkı şəraitdə Azərbaycanın ərazilərindəki minalanmış sahələrin xəritəsini verməməsi üçün əsas yoxdur və böyük ehtimalla hakimiyyətin aparıcı şəxsləri bu xəritələri təqdim etmək niyyətindədirlər. Lakin mümkündür ki, indiki hakimiyyət nümayəndələri həmin xəritələr barədə tam məlumatlı olmasınlar”, - deyə siyasi şərhçi izah edib.

A. Quliyevin sözlərinə görə, minalanmış ərazilərin xəritələri əsasən əvvəlki hakimiyyət dövründə, xüsusilə Robert Köçəryan və Serj Sarkisyanın rəhbərliyi zamanı hazırlanıb. O bildirib ki, həmin sənədlər tam şəkildə mövcud hakimiyyətin əlində olmaya bilər ki, bu da prosesdə müəyyən çətinlik yaradacaq.


Politoloq xatırladıb ki, Azərbaycan səmimi sülh prosesinin tərkib hissəsi kimi mina xəritələrinin təqdim olunmasına xüsusi önəm verir və bu məsələdə alternativ qəbul etmir.

Aysel Mətləb

TodayPress TV

tag: Aydın Quliyev,Ermənistan,Azərbaycan,Mina,Xəritə,Todaypress.tv,