Ermənistan dəmir yollarını SATIR ? — Moskvadan sərt reaksiya...
Təhlil
19.02.2026 12:11
Rusiya Ermənistan dəmir yolunun idarə olunması ilə bağlı öhdəliklərinə sadiq qaldığını bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. O, Nikol Paşinyanın Ermənistan dəmir yollarının konsessiya hüququnun Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi ölkələrə satılması təklifini “qəribə və yolverilməz” adlandırıb.
Hazırda tərəflər arasında razılıq yoxdur. Bəs dəmir yollarının aqibəti necə olacaq?
Sözügedən məsələni siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə şərh edib.

Analitik vurğulayıb ki, Rusiya Ermənistan dəmir yollarını 30 illik müddətə icarəyə götürüb və onların bərpası birbaşa Rusiyanın üzərinə düşür:
"Məlumdur ki, Ermənistan ərazisindən keçən "Tramp marşrutu" 43 kilometrlik hissədə dəmir yolunun bərpa olunmasını tələb edir. Plana əsasən, həmin ərazidə əvvəllər mövcud olmuş dəmir yolu xətti yenidən qurulmalıdır. Lakin Rusiya bu prosesi ləngidir. Paşinyan bir neçə dəfə Rusiya hökumətinə müraciət edərək, həmin dəmir yolunun bərpası işlərinə başlamağı təklif edib".
Ekspert qeyd edib ki, Rusiya bu istiqamətdə uzun müddət real addım atmayıb:
"Rusiyadan heç bir hərəkətlilik görülmədiyi üçün Ermənistan sonuncu dəfə bəyan etdi ki, əgər siz konsessiya müqaviləsinə uyğun olaraq öz vəzifələrinizi icra edə bilmirsinizsə, bu hüququ digər dövlətlərə satmaq mümkündür. İrəvan tərəfi Rusiyanı bu hüquqdan imtina etməyə çağırdı və müqaviləni imzalamağa hazır olan bir neçə dövlətin adını çəkdi".
Analitik əlavə edib ki, görünür, bu gediş Rusiyanın xoşuna gəlməyib. Belə ki, Baş nazirin müavini Aleksey Overçuk artıq bu istiqamətdə işə başlamağa hazır olduqlarını bildirib. Zaxarova isə Ermənistanın təklifini qeyri-ciddi hesab edib.
"Onda ümid edək ki, Rusiya ciddi dövlət kimi nəhayət öz vəzifələrini icra etməyə başlayacaq. Beləliklə, "Tramp marşrutu" çərçivəsində Azərbaycanla Naxçıvanı birləşdirəcək dəmir yolu qısa müddətdə bərpa olunacaq və Ermənistana təhvil veriləcək", - deyə A. Səmədov vurğulayıb.
Şərhçi sonda onu da əlavə edib ki, Rusiyanın başqa yolu yoxdur və Paşinyanın son bəyanatları onun bu istiqamətdə ən qəti addımları atmağa hazır olduğunu göstərir.
Jalə Rövşən
tag: Rusiya,Ermənistan,Dəmir yolu,Paşinyan,Todaypress.tv,
