BU HAMININ SONU DEMƏKDİR! - III Dünya müharibəsinin VAXTI AÇIQLANDI - RƏY
Avropada sürətlənən silahlanma prosesi və Rusiya ilə Qərb arasında artan gərginlik qlobal müharibə ilə bağlı narahatlıqları gücləndirir. Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç də Üçüncü Dünya müharibəsinin başlayacağını istisna etməyərək bunu möcüzə adlandırıb.
Üçüncü Dünya müharibəsi başlayır?
Mövzu ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə açıqlamasında bildirib ki, Üçüncü Dünya müharibəsi təhlükəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından sonra ciddi şəkildə artıb.

“Üçüncü Dünya müharibəsinin başlaması təhlükəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından sonra az qala reallaşırdı. Qərb Ukraynanı açıq şəkildə müdafiə etməyə başladı və böyük bir koalisiya yarandı.
Ancaq qətiyyətli addımlar atmağa qorxdular. Nə Ukraynanın hava məkanı bağlandı, nə də Ukrayna hərbi qüvvələri yenidən silahlandırıldı. Yardımlar da müəyyən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirildi. Uzun müddət Ukraynaya F-16 təyyarələri verilmədi, tələb olunan sayda Patriot sistemləri çatdırılmadı. Bu problemlər indi də qalmaqdadır. Son dövrdə isə kəşfiyyat məlumatları və Starlink-lə bağlı da ciddi problemlər yaranıb”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, dünya müharibəsinin artıq başladığını proqnozlaşdıran dövlət başçılarının fikirləri özünü doğrultmayıb.
Analitik, yaxın 10-15 ildə qlobal müharibənin başlanmasını real hesab etmir:
“Dünya müharibəsinin baş verməsi üçün böyük güclər bir-biri ilə qarşı-qarşıya gəlməlidir. Hələlik isə böyük güclər daha çox bir-birinə dəstək verirlər. Təəssüf ki, Ukrayna müharibəsində də Amerika Birləşmiş Ştatları və Çin Rusiyanın yanında yer alıb”.
Müsahibimiz hesab edir ki, beynəlxalq münasibətlər gələcəkdə dəyişə bilər, lakin böyük dövlətlər mümkün fəlakətin nəticələrini nəzərə alaraq ehtiyatlı davranmağa üstünlük verirlər:
“Gələcəkdə bu münasibətlər dəyişə bilərmi? Təbii ki, dəyişə bilər. Ancaq məhv olmaq təhlükəsi və qorxusu var. Bu səbəbdən dünya gücləri ehtiyatlı davranmağa üstünlük verirlər. Bu, daha çox ABŞ-yə və onun müttəfiqlərinə aiddir”.
Politoloq Rusiyanın Ukrayna müharibəsində ciddi itkilər verdiyini və yeni hərbi kampaniyaya başlamaq ehtimalının aşağı olduğunu diqqətə çatdırıb:
“Rusiya Ukraynada kifayət qədər yara alıb və onun yeni bir hərbi kampaniyaya başlamaq ehtimalı həddindən artıq aşağıdır. Bu səbəbdən demək olar ki, dünya müharibəsinin baş verməsi təhlükəsi, şübhəsiz ki, qalmaqdadır. Ancaq yaxın illərdə belə bir müharibənin reallaşması qeyri-mümkün görünür. Yəqin ki, gələcəkdə baş verən hadisələrdən nəticə çıxaran irigüclər dünya müharibəsinin qarşısını almaq üçün əllərindən gələni edəcəklər. Çünki belə bir müharibə hamının sonu deməkdir”.
Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə baş verən lokal qarşıdurmaların öz-özlüyündə dünya müharibəsinə çevrilməsi ehtimalı da yoxdur.
Jalə Rövşən