Hakan Fidan və Kaya Kallas Qara dənizdəki gərginliyi müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qara dənizdəki gərginlik səbəbindən taxılın dünya bazarlarına çatdırılmasında yaranan problemləri müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Hakan Fidan Belçikaya səfərinin yekununda “Anadolu” agentliyinə açıqlamasında bildirib.
Görüşdə Rusiya-Ukrayna münaqişəsi, Hörmüz boğazı, Bab əl-Məndəb boğazı və bununla əlaqədar enerji sahəsində yaranan problemlər də müzakirə olunub.
“Qara dənizdəki gərginlik səbəbindən dünya bazarlarına çıxa bilməyən taxıl məhsullarını da müzakirə etdik. Bundan sonra nə baş verəcəyi, bu vəziyyətlə bağlı nə edəcəyimiz və hansı həll yollarının tapıla biləcəyi barədə danışdıq”, – deyə nazir bildirib.
O, NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə də Rusiya-Ukrayna münaqişəsinin müzakirə olunduğunu qeyd edib. Görüşdə Türkiyə ilə Alyans arasındakı münasibətlər və NATO-nun iyul sammitində qəbul edilən qərarların icrası məsələləri də nəzərdən keçirilib.
Aysel Mətləb