Azərbaycanın şahmat klubu Avropa Kubokunda “Srvena Zvezda”nı məğlub etdi

Azərbaycanın şahmat klubu Avropa Kubokunda “Srvena Zvezda”nı məğlub etdi
21.10.2026 23:03 İdman

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda Azərbaycan təmsilçiləri beşinci turun oyunlarını başa vurublar.

TodayPress TV xəbər verir ki, qadınların yarışında mübarizə aparan “Odlar Yurdu” Serbiyanın “Srvena Zvezda” klubunu 3:1 hesabı ilə məğlub edib.

Kişilərin turnirində çıxış edən “Vüqar Həşimov” komandası isə Slovakiyanın “Slaviya” klubuna 2,5:3,5 hesabı ilə uduzub.

Beş turdan sonra hər iki Azərbaycan təmsilçisinin hesabında altı komanda xalı var. “Odlar Yurdu” qadınların yarışında altıncı, “Vüqar Həşimov” isə kişilərin turnirində 11-ci pillədə qərarlaşıb.

“Odlar Yurdu”nun heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər.

“Vüqar Həşimov” klubunu isə Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Rəad Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev təmsil edirlər.

Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov Türkiyənin “Beyəqan Pendik” klubunun heyətində mübarizə aparır. Yeddi xalı olan Türkiyə təmsilçisi kişilərin yarışında beşinci yerdədir.

Qeyd edək ki, yarışdan əvvəl “Odlar Yurdu” 22 qadın komandası arasında beşinci, “Vüqar Həşimov” isə 108 kişi klubu arasında səkkizinci start nömrəsinə sahib olub.

İsveçrə sistemi üzrə yeddi turdan ibarət Avropa Kuboku oktyabrın 23-də başa çatacaq.

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər