“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə
Təhlil
09.02.2026 13:15
Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa verə bilər.
Buna səbəb ABŞ-yə səfir təyin olunan və Cefri Epşteynlə əlaqələri ilə gündəmə gələn Piter Mandelson ətrafında yaranan qalmaqaldır.

Qalmaqal artıq baş nazirin aparat rəhbərinin istefası ilə nəticələnib və Leyborist Partiyasında Starmerə təzyiqlər də artıb.
Mənbələr onun postunu qorumaq ehtimalını aşağı qiymətləndirirlər.
Maraqlıdır, mövcud durumda Kir Starmerin istefası nə dərəcədə mümkündür?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Mandelson Epşteynin yaxın dostu olub və ona məlumat ötürüb:

"Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinin dərc etdiyi Epşteyn faylları Böyük Britaniyada böyük qalmaqal yaradıb. Məlum olub ki, ABŞ-yə Böyük Britaniyanın səfiri təyin olunan Piter Mandelson Epşteynin ən yaxın dostu olub və biznes üzrə nazir işləyərkən məxfi məlumatları Epşteynə ötürüb".
Ekspert qeyd edib ki, onun səfir təyin olunmasında mühüm rol oynayan aparat rəhbəri artıq istefa verib. Baş nazir Kir Starmer etiraf edib ki, Mandelsonun Epşteynlə yaxın olduğunu bilsə də, onun səfir təyin olunmasına razılıq verib.
Analitik əlavə edib ki, vəziyyətdən çıxmaq üçün Starmer hökumətə nüfuzlu partiya funksionerlərini cəlb etməyə çalışır. Lakin çox güman ki, bu kifayət etməyəcək, çünki qarşıdan may ayında yerli seçkilər gəlir. Qalmaqal hökuməti ciddi vəziyyətə salıb və 2024-cü ildə seçkilərdə qalib gələn Leyborist Partiyası rəhbərliyi dəyişmək barədə düşünür.

A.Səmədov sonda vurğulayıb ki, Kir Starmer partiya liderliyindən istefa verəcək:
"Çox güman ki, Kir Starmer partiya liderliyindən istefa verməyə məcbur olacaq. Baxmayaraq ki, hələ də vəziyyətdən çıxacağına ümid edir, hökumətə cəlb etməyə çalışdığı nüfuzlu şəxslərin iştirakı arzulanan nəticəni verməyəcək və onların Starmer hökumətində rol alması ehtimalı yüksək deyil.
Bir sıra ekspertlərin və nəşrlərin fikrincə, Starmer partiya liderliyindən getməli olacaq. Onu əvəz edəcək namizədlər artıq müəyyənləşib və bu, partiyanın yerli seçkilər ərəfəsində sıxıntılardan çıxmasına ümid verir".
Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Kir Starmer,İstefa,Todaypress.tv,
