Əfqanıstan-Pakistan qarşıdurması: Tammiqyaslı müharibə gözlənilir?
Təhlil
27.02.2026 22:57
Əfqanıstan-Pakistan qarşıdurması müharibə xarakteri almağa başlayır.
Pakistan fevralın 27-də paytaxt Kabul da daxil olmaqla Əfqanıstanın böyük şəhərlərini bombalayıb. İslamabadın müdafiə naziri aylarla davam edən qarşıdurmalardan sonra qonşularına "açıq müharibə" elan edib.

Bəs bu qarşıdurma tammiqyaslı müharibəyə çevrilə bilər?
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən bildirib ki, Əfqanıstanla Pakistan arasında vaxtaşırı baş verən atışmaların iki mühüm səbəbi var:

"Birinci səbəb sərhəd problemi ilə bağlıdır. 1893-cü ildə müəyyən edilmiş sərhəd Əfqanıstanı qane etmir və bu xətt puştunları iki yerə bölüb. Bu səbəbdən sərhəddə tez-tez atışmalar və qarşıdurmalar baş verir”.
Analitik ikinci səbəbin isə Pakistanın Əfqanıstana münasibəti və Taliban amili ilə əlaqəli olduğunu bildirib:
"Pakistanın Əfqanıstanda hakimiyyətə gəlmiş Taliban hərəkatının formalaşmasında həlledici rol oynaması və ABŞ qoşunlarının ölkəni tərk etməsindən sonra münasibətlərdə yaranmış soyuqluq gərginliyi artırıb. İslamabad Əfqanıstanı Pakistan taliblərini silahlandırmaqda və dəstəkləməkdə günahlandırır. Son qarşıdurma da məhz bu məsələ ilə bağlı baş verib".

Siyasi şərhçinin sözlərinə görə, Pakistan ərazisində baş verən partlayışlardan sonra rəsmi İslamabad Əfqanıstanı ittiham edib və Pakistan taliblərinə verilən dəstəyin bu terror aktlarının arxasında dayandığını bəyan edib. Nəticədə Pakistan həm paytaxtı, həm də iki mühüm şəhəri bombalayıb. Əfqanıstan isə sərhəddə baş verən atışmalar zamanı Pakistan sərhədçilərini öldürüb.
A.Səmədov xatırladıb ki, 2025-ci ilin payızında da oxşar qarşıdurma yaşanıb və Türkiyə ilə Qətərin vasitəçiliyi nəticəsində atəşkəsə nail olunub.

Politoloq hesab edir ki, bu dəfə də Türkiyə və Qətər vasitəçilik edərək tərəflər arasında atəşkəsə nail olunmasına kömək göstərəcəklər.
Ekspert hesab edir ki, problemlər tam aradan qalxmayıb və vaxtaşırı oxşar atışmaların təkrarlanması mümkündür. Bununla belə, onun fikrincə, vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı aşağıdır.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Əfqanıstan,Pakistan,Müharibə,Todaypress.tv,
