Dünya keks kimi ortada qalıb — ABŞ və Çin bölür...

Dünya keks kimi ortada qalıb — ABŞ və Çin bölür...
23.09.2026 17:19 Təhlil

Xəbər verdiyimiz kimi, Çin Prezidenti Si Cinpin ABŞ-yə səfərə gedib.

Bu səfər Vaşinqton-Pekin münasibətlərinin, eləcə də qlobal geosiyasi gündəmin diqqət mərkəzindədir. Səfərin ABŞ və Çin arasında ticarət, təhlükəsizlik və digər strateji məsələlərlə bağlı fikir ayrılıqlarının davam etdiyi bir dövrə təsadüf etməsi onun əhəmiyyətini daha da artırır.

Si Cinpinin Vaşinqtona səfəri çərçivəsində iki ölkə arasında hansı məsələlərin müzakirə olunacağı və tərəflərin mümkün razılaşmalara nə dərəcədə yaxınlaşa biləcəyi əsas suallardan biridir. Eyni zamanda, görüşlərin yalnız ABŞ-Çin münasibətləri ilə məhdudlaşmayacağı, Yaxın Şərqdəki vəziyyət, qlobal təhlükəsizlik və dünyanın nüfuz dairələri ilə bağlı daha geniş məsələlərin də gündəmə gələ biləcəyi istisna edilmir.

Bəs Si Cinpinin ABŞ səfərinin əsas məqsədləri nələrdir? Vaşinqton və Pekin hansı məsələlər üzrə ortaq mövqeyə gələ bilər və bu görüşlər qlobal geosiyasi proseslərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli TodayPress TV-yə açıqlamasında səfərin mümkün nəticələrini və tərəflərin gündəmində dayanan əsas məsələləri şərh edib.


Onun sözlərinə görə, nir neçə istiqamətdə razılaşmanın nəzərdən keçirilməsi gözlənilir, amma əslində söhbət razılaşmadan daha çox, müzakirələrin aparılmasından gedir:

“Geosiyasi problemlər müzakirə olunmalı və onların həlli üçün çıxış yolu tapılmalıdır. İran məsələsində Amerika Birləşmiş Ştatları və müttəfiqləri növbəti əməliyyatların astanasındadırlar.

Digər bir məsələ odur ki, bəlkə də dünyanın bağlı qapılar arxasında bölüşdürülməsinə yönəlmiş fikir mübadiləsi aparılacaq.

Həmçinin, təxminən, iki-üç ay əvvəl Trampın Çinə səfəri zamanı müəyyən razılaşmalar əldə olunmuşdu. Amma biz gördük ki, həmin razılaşmalardan sonra sentyabr ayında ABŞ-İran arasında qısamüddətli müharibə baş verdi. Digər tərəfdən, husilər Bab əl-Məndəb boğazını ələ keçirdilər. Prinsip etibarilə, Bab əl-Məndəbdə və ümumilikdə Yaxın Şərqdə baş verənlər, ABŞ-nin bu prosesdə qalib gəlib-gəlməməsindən asılı olmayaraq, ən ciddi iqtisadi zərbəni Yaponiya, Çin, Hindistan və Cənubi Koreyaya vurur. Yəni Yaxın Şərqdə bu müharibələrin aparılması Çin iqtisadiyyatına da çox böyük zərər vurur. Bu baxımdan Çin də istəyir ki, tərəflər ortaq nəticəyə gəlsinlər və müharibələrin alternativi kimi dialoq imkanları nəzərdən keçirilsin”. 

Analitik düşünür ki, iki ən böyük dövlətin dünyanın nüfuz dairələrinə bölünməsi istiqamətində razılaşmağa çalışması və bunun müharibəyə alternativ kimi nəzərdən keçirilməsi hazırkı müzakirələrin əsas məsələlərindən biridir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər