Çinlə kritik razılaşma: İran ZƏRBƏ İMKANI qazanır

Təhlil

25.02.2026 18:53

İran Çindən anti-gəmi qırıcı kruiz raketləri almaq üçün razılaşmaya yaxınlaşır.


Məlumatı danışıqlardan xəbərdar olan altı mənbə “Reuters” agentliyinə bildirib.

Razılaşma ABŞ-nin İran sahilləri yaxınlığında böyük hərbi qüvvələr yerləşdirməsi ilə üst-üstə düşür və regionda mümkün hərbi əməliyyatlar üçün hazırlıq görülür.

Razılaşmanın detallarına gəlincə, qeyd olunur ki, İranın Çin istehsalı olan CM‑302 raketlərini almaq üzrə razılaşması demək olar, yekun mərhələdədir, lakin çatdırılma tarixi hələ razılaşdırılmayıb. Supersəs raketləri təxminən 290 km məsafəyə atıla bilir və gəmidə yerləşdirilmiş müdafiə sistemlərini aşa bilmək üçün aşağı və sürətli uçuşa malikdir. Bu raketlərin yerləşdirilməsi İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ABŞ hərbi gəmilərinə ciddi təhdid yaradacaq.

Bəs ABŞ-nin Çinin İranı silahlandırmasına reaksiyası nə ola bilər?


QEYRİ-DOST ADDIM CAVABSIZ QALMAYACAQ

Məsələ ilə bağlı TodayPress TV-yə danışan hərbi ekspert Ədalət Verdiyev İranın hazırda kifayət qədər ABŞ-nin təzyiqləri altında olduğunu və mümkün zərbələrdən qorunmaq üçün bir sıra fəaliyyətlərə əl atdığını bildirib.


Onun sözlərinə görə, İran supersəs raketlərin sınaqlarını keçirməklə ABŞ-ni hərbi addımlardan çəkindirməyə çalışır:

“İndiyə qədər heç kimin ABŞ-nin aviadaşıyıcı gəmilərinə zərbə endirmək və onları məhv etmək imkanı olmayıb. İran da bu imkanlardan tamamilə məhrumdur. Çinin indiki vəziyyətdə İranı müdafiə sistemləri ilə silahlandırması mümkün görünsə də, Pekinin İrana qanadlı raketlər verməsi real görünmür. Bu, ABŞ-nin Çin ilə münasibətlərinin gərginləşməsinə və yaxın günlərdə gözlənilən ölkə liderlərinin görüşünə mane ola bilər. ABŞ də belə bir qeyri-dost addımı cavabsız qoymaz”.

ABŞ İRANI BUNA SÖVQ EDƏ BİLƏR

Ekspert düşünür ki, Rusiya və Çin 12 günlük müharibə zamanı olduğu kimi indi də İranı sadəcə bəyanatlarla dəstəkləyəcəklər:


“İranın ABŞ-yə zərbə endirmək imkanı olsaydı, bunu 12 günlük savaşda edərdi. O zaman ümumiyyətlə, ABŞ təyyarələrinə İran tərəfdən atəş belə açılmadı. İndiki vəziyyətdə də İranın verdiyi bəyanatlar sadəcə blef xarakteri daşıyır. İranın hər hansı ABŞ gəmilərinə zərbə endirməsi ABŞ-nin kütləvi hava hücumu vasitələri ilə İranın hərbi obyektlərinə və nüvə infrastrukturuna zərbələr endirməsi ilə nəticələnə bilər. Amma İranın reaksiyası olmazsa, o zaman ABŞ məhdud miqyaslı zərbələrlə İranı öz tələbləri ilə razılaşmağa sövq edə bilər”.

Ədalət Verdiyev sonda İranın ABŞ ilə müharibəni uzun müddət davam etdirmək imkanlarına malik olmadığını əlavə edib.

Qiymət Mahir

tag: Çin,ABŞ,İran,Silah,Ədalət Verdiyev,Todaypress.tv,