"Bu, regiona böyük fəlakət vəd edir” - Politoloq

Təhlil

05.03.2026 22:48

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda yeni rəhbərliyin formalaşmasının böhranın həlli üçün fürsət pəncərəsi açacağını bildirib:

“Yeni rəhbərlik müharibəyə son qoymaq üçün bir şans ola bilər. Hazırda yeni administrasiya müvəqqəti üçlük tərəfindən idarə olunur".


Bəs İranda yeni rəhbərliyin formalaşması regiondakı güc balansını necə dəyişə bilər?

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli TodayPress TV-yə danışarkən bildirib ki, İranın ali dini rəhbəri Əli Xameneidən sonra oğlu Müctəba Xameneinin ali dini lider seçilməsi İranın siyasətində ciddi dəyişikliklərin olmayacağı anlamına gələ bilər.


O vurğulayıb ki, Yaxın və Orta Şərqdə vəziyyət getdikcə mürəkkəbləşir və tərəflərdən heç birinin geri çəkilməməsi durumu daha da ağırlaşdırır.

“Xameneinin yerinə oğlu Müctəba Xameneinin seçilməsi rejimin qorunub saxlanılması anlamına gəlir. Bu da Xameneidən sonra İranın xarici siyasətində də dəyişiklik olmayacağını göstərir. Deməli, müharibə davam edəcək”, - deyə ekspert bildirib.

Analitikin sözlərinə görə, bununla belə prosesin sonrakı gedişatı kifayət qədər qaranlıqdır və regionun taleyi ilə bağlı konkret fikir söyləmək çətindir:

“Çünki İranın əvvəlkindən fərqlənməyən yeni ali dini liderinin geri çəkilmək və təklif edilən şərtləri qəbul etmək ehtimalı demək olar ki, yoxdur. ABŞ-İran cütlüyünün də niyyəti aydındır. Təbii ki, müharibə uzandıqca ona qoşulanların sayı da çox olacaq. Bu isə regiona böyük fəlakət vəd edir”.

Aysel Mətləb

TodayPress TV

tag: Xamenei,Rəhbər,İran,Mütəllim Rəhimli,Müctəba,Todaypress.tv,