Bu ölkələr SEÇİM EDƏCƏKLƏR: Ya Rusiya, ya da…

Təhlil

13.02.2026 16:04

ABŞ dövlət katibi Marko Rubio Avropa turnesi çərçivəsində Macarıstan və Slovakiya rəhbərliyi ilə Rusiyadan enerji məhsulları idxalının dayandırılması məsələsini müzakirə etməyi planlaşdırır. 


O, səfər ərəfəsində jurnalistlərə açıqlamasında bu mövzunun gündəmdə olacağını təsdiqləyərək, tərəflərlə hansı addımların atılmalı olduğunu nəzərdən keçirəcəklərini bildirib.  

Rubio, eyni zamanda hər iki ölkənin ABŞ ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb və görüşlərin detalları barədə geniş danışmaq istəmədiyini qeyd edib. Dövlət katibi bildirib ki, Macarıstan və Slovakiya Vaşinqtonla sıx işləyən və ABŞ-ni güclü şəkildə dəstəkləyən tərəfdaşlardır.

Bəs bu ölkələr ABŞ-nin təklifini qəbul edib Rusiyadan üz döndərəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov bildirib ki, hazırkı geosiyasi vəziyyətdə Macarıstan və Slovakiya balans siyasəti yürütməyə çalışır:

“İndiki halda Macarıstan və Slovakiya rəhbərliyinin ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə çox yaxşı münasibətləri var. Hesab edirəm ki, ABŞ ilə münasibətləri gərginləşdirmək istəməzlər. Lakin bir məsələ də var ki, Macarıstan və Slovakiyanın Rusiya ilə münasibətləri də yaxşıdır. Onlar Rusiyanın Avropadakı əsas müttəfiqləri kimi çıxış edirlər”.


Politoloqun sözlərinə görə, bu iki ölkə üçün seçim etmək o qədər də asan deyil:

“Nəticədə Macarıstan və Slovakiyanın ABŞ-dən təlimat almadan Rusiya ilə münasibətlərdə müəyyən məsafə saxlamağı çətindir. Hazırda heç nə bəlli deyil. Rubio Rusiyadan enerji məhsulları idxalının dayandırılmasını müzakirə etməyi planlaşdırır, lakin Rusiya Macarıstana və Slovakiyaya ucuz enerji məhsulları, o cümlədən neft satır. Bu, iqtisadi baxımdan onlar üçün faydalıdır”.

Qiymət Mahir

tag: Macarıstan ,Slovakiya,ABŞ,Rusiya,Politoloq,Samir Hümbətov,Todaypress.tv,