“Bu, nüvə sahəsində ciddi təhlükə yarada bilər" – RƏY
Təhlil
18.02.2026 23:54
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a verdiyi müsahibədə bildirib ki, Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir, çünki Tehranın nüvə silahı əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb olacaq.

Onun fikrincə, əgər İran nüvə silahı əldə edərsə, ondan sonra nüvə silahı əldə etmək istəyən çoxsaylı dost və ya dost olmayan rejimlər olacaq.
Bəs İranın nüvə proqramı region ölkələrini də silahlanmaya sövq edə bilərmi?
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə danışarkən bildirib ki, nüvə silahlarının yayılması ciddi nəzarətdə saxlanılmalıdır.

"Nüvə ölkələri klubunun genişlənməsi dünya üçün təhlükə yaradır. Hazırda nüvə silahına malik olan ölkələrin potensialı bəllidir və müəyyən balans mövcuddur. Lakin əlavə dövlətlərin də nüvə silahı əldə etməsi digər ölkələri təhlükəsizlik və balans motivi ilə eyni addımı atmağa sövq edə bilər", - deyə o izah edib.
Siyasi şərhçi qeyd edib ki, İran rəsmiləri nüvə silahı əldə etmək niyyətində olmadıqlarını bəyan edir və hətta nüvə ehtiyatlarının üçüncü ölkəyə ixracı məsələsini müzakirə etməyə hazır olduqlarını bildirirlər. Bununla belə, o vurğulayıb ki, qlobal təhlükəsizlik kontekstində təkcə ayrı-ayrı ölkələrin səyləri deyil, həm də nüvə silahına sahib dövlətlərin öz potensiallarını digər ölkələrlə paylaşması ehtimalı ciddi risk yaradır.

E. Mirbəşiroğlu diqqətə çatdırıb ki, müasir mərhələdə münaqişə potensialı kifayət qədər yüksəkdir və süni intellekt texnologiyalarından istifadə genişlənməkdədir:
"Gələcəkdə nüvə texnologiyaları və nüvə potensialının inkişafı sahəsində də süni intellekt tətbiqlərinin artması mümkündür ki, bu da həm səmərəli imkanlar, həm də arzuolunmaz nəticələr yarada bilər. Süni intellektin nəzarətsiz istifadəsi nüvə sahəsində ciddi və təhlükəli nəticələrə gətirib çıxara bilər".
Analitik əlavə edib ki, Ceyms Devid Vensin nüvə silahlarının yayılması ilə bağlı narahatlığı istər İran kontekstində, istərsə də digər ölkələr baxımından aktual və ciddi məsələdir. Onun fikrincə, bu proses ciddi nəzarətdə saxlanılmalı və bütün iştirakçı tərəflər məsuliyyətli davranmalıdır ki, qlobal təhlükəsizliyə əlavə təhdidlər yaranmasın.
Aysel Mətləb
tag: Elşad Mirbəşiroğlu,İran,Nüvə,Vens,Todaypress.tv,
