“Bölgənin sonrakı taleyində əsas məsuliyyət Rusiyanın üzərinə düşür” - Politoloq
Təhlil
03.03.2026 01:22
“Rusiya-Azərbaycan münasibətləri indiki halda durğun və ləng hərəkət edən dialoq səviyyəsindədir”.
Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik vurğulayıb ki, iki ölkə arasında bəzi həll olunmamış və problemli məsələlər qalmaqda davam edir.
Onun sözlərinə görə, xüsusilə 2024-cü ilin 25 dekabrında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı müəyyən məqamların hələ də Rusiya tərəfindən aydınlaşdırılmaması diqqət çəkir.
Eyni zamanda Azərbaycan diasporunun üzvlərinə qarşı Rusiyada müəyyən addımların davam etdiyini və bəzi Rusiya rəsmilərinin Azərbaycanın bölgədə atdığı geosiyasi addımlara münasibətdə eyhamlı və tikanlı bəyanatlar səsləndirdiyini vurğulayıb.

"Rusiyanın hazırkı şəraitdə Azərbaycanın Ermənistanla birlikdə həyata keçirdiyi sülh siyasətinə lazımi dəstəyi verməməsi açıq şəkildə görünür. Rəsmi Moskva prosesə açıq şəkildə qarşı çıxmasa da, onun sürətlənməsi üçün özündən asılı olan bəzi addımları atmır. Xüsusilə bölgədə kommunikasiyaların açılmasına dəstək vermək əvəzinə, bəzən yayğın, bəzən isə maneə xarakterli bəyanatlarla prosesə əngəl yaradır", - deyə siyasi şərhçi bildirib.
Ekspert əlavə edib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan tərəfindən ciddi işlər görülsə də, Rusiya tərəfindən bu məsələyə dair bəzi maneə xarakterli bəyanatlar səsləndirilir və bu da münasibətlərin mövcud durğunluq mərhələsindən daha sürətlə çıxmasına əngəl törədir.
Politoloq hesab edir ki, hazırkı Rusiya-Azərbaycan münasibətləri bir neçə il əvvəlki ilə eyni səviyyədə deyil:
“2020-2022-ci illərlə müqayisədə bu münasibətlərdə xeyli fərqlər var. Bu vəziyyət daha çox Rusiyanın Azərbaycanın siyasi addımlarını tam anlamaması və lazımi anlayış göstərməməsi ilə bağlıdır”.

Analitik vurğulayıb ki, Rusiya köhnə stereotiplərlə hərəkət etməyin ziyanlı və gərəksiz olduğunu anlamalıdır. Lakin bəzi Rusiya rəsmilərinin fərqli mövqe tutması və Azərbaycanın siyasətini anlamaması daha fəal dialoq münasibətlərinin formalaşmasına mane olur.
"Azərbaycan bölgədə yeni geosiyasi durumun formalaşdırılmasında maraqlıdır və bu istiqamətdə konkret addımlar atır. Atılan addımlar heç bir ölkənin əleyhinə yönəlməyib, əksinə, bölgənin potensial imkanlarının üzə çıxarılmasına xidmət edir. Əgər bu addımlara Rusiya tərəfindən də adekvat yanaşma və reaksiya göstərilərsə, bölgədə ümumi sülhün bərqərar olunması prosesi daha sürətli inkişaf edə bilər".
A. Quliyev sonda bildirib ki, bölgənin bundan sonrakı taleyində əsas məsuliyyət daha çox Rusiyanın üzərinə düşür.
Aysel Mətləb
tag: Aydın Quliyev,Rusiya,Azərbaycan,Münasibət,AZAL,Zəngəzur,Todaypress.tv,
