Biri ölü tapıldı, digəri güllələndi — Rusiyada məmurlarla nə baş verir?
Təhlil
07.02.2026 17:00
Son zamanlarda Rusiyada baş verən müəmmalı məmur ölümləri diqqət çəkir.
Belə ki, Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Sergey Tropin bu gün Moskvanın mərkəzindəki mənzilində ölü tapılıb.
Dünən isə Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyev güllələnib.
Bundan öncə, yanvar ayında Moskvada keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın da cəsədi tapılmışdı.

Ümumilikdə, Ukraynaya qarşı tammiqyaslı işğalın başlanmasından bəri Rusiyada 20-dən çox dövlət məmuru müəmmalı şəraitdə ölüb.
Maraqlıdır, ardıcıl məmur ölümləri hansı ssenarini gündəmə gətirir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rizvan Hüseynov bildirib ki, baş verənlər təsadüfi deyil və burada bir neçə əsas səbəb var:

“Son dövrlərdə bir sıra yüksək vəzifəli şəxslər — məmurlar, zabitlər, həm də keçmiş dövlət xadimləri ya qətlə yetirilib, ya da müəmmalı şəkildə həyatlarını itiriblər. Bu hadisələr təkcə Rusiyanın özündə baş vermir, eyni zamanda xaricdə yaşayan rusiyalı məmurlar da hədəf alınır”.
Politoloqun sözlərinə görə, bu prosesin iki əsas səbəbi ola bilər:
“Birinci səbəb Ukrayna kəşfiyyat xidmətinin fəaliyyəti ilə bağlıdır. Ukraynanın işğalında qəddarlıq nümayiş etdirmiş və bu prosesdə rol oynamış yüksək vəzifəli şəxslər hədəfə alınır.
İkinci səbəb isə Rusiyanın daxili siyasi mənzərəsi, hakimiyyətin daxilində mövcud olan qarışıqlıqla bağlıdır. Buraya komanda dəyişikliyi, Kremlin daxilində formalaşmış qruplaşmalar və həmin qruplaşmalar arasında gedən ciddi siyasi çəkişmələr daxildir. Məhz bu daxili mübarizə fonunda baş verən qətillər və şübhəli ölümlər diqqət çəkir”.
Qiymət Mahir
tag: Rizvan Hüseynov,Politoloq,Rusiya,Məmurlar,Todaypress.tv,
