Bakı İsrail mediasının DİQQƏTİNDƏ: Mövzu Vətəndirsə…
Təhlil
06.03.2026 18:15
“Cənab Prezident İlham Əliyev Azərbaycanın milli maraqları ilə bağlı hər zaman qətiyyət nümayiş etdirib”.
Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, bu
məsələdə heç kimə güzəşt yoxdur:
"Düşünürəm ki, Azərbaycanın dövlət kimi imicini, həmçinin liderin necə olması və necə davranması ilə bağlı şəxsiyyət obrazını dövlət başçımız mükəmməl şəkildə təsvir edir və dünyaya təqdim edir. O, son dərəcə kritik məqamlarda belə milli maraqlardan geri dönməməyin vacib olduğunu bütün dünyaya göstərir".

Deputat qeyd edib ki, İran tərəfindən
Naxçıvana dron hücumundan dərhal sonra cənab Prezident İlham Əliyevin Təhlükəsizlik
Şurasının iclasında səsləndirdiyi fikirlər və nümayiş etdirdiyi qətiyyətli
mövqe dünya mediasının diqqətindən kənarda qala bilməzdi. Bütövlükdə görürük
ki, cənab Prezidentin ritorikası Cənubi Qafqazla bağlı doğru və etimad doğuran
məlumatların əldə olunması baxımından istinad edilən bir ritorikadır.
"Bu məqamda qeyd olunmalıdır ki, həmin qətiyyət İsrail mediasının da diqqətini çəkib. Çünki məsələ ondan ibarətdir ki, İran bu məsuliyyəti öz üzərindən götürərək başqa aktorların və tərəflərin üzərinə yönəltməyə çalışır. Bu isə yolverilməzdir. İran əgər özünü köklü dövlət kimi xarakterizə edirsə, səthi yanaşmalarla deyil, ciddi və məsuliyyətli qərarlar qəbul etməli, qətiyyətli addımlar atmalıdır. Bu məsələ bəsit sözlərlə keçişdiriləcək bir məsələ deyil. Yəni dürüstlüyə və düzgünlüyə üstünlük verilməlidir", - parlamentari vurğulayıb.

A.Badamov əlavə edib ki, İranın atdığı yanlış addımlar bəzi dövlətlər tərəfindən yumşaq qarşılanır, sərt reaksiya verilmir, sərt ritorikadan qaçılır. Lakin Azərbaycan Prezidenti öz mövqeyində olduqca qətiyyətlidir. Şübhəsiz ki, məhz bu amil dövlətin nüfuzuna və imicinə müsbət təsir göstərir.
"Bu baxımdan qeyd
olunmalıdır ki, Azərbaycan dövləti və Azərbaycan lideri dünyada prinsipial
mövqeyə malik dövlət və lider kimi qəbul edilir və hörmət qazanır", -
deputat əlavə edib.
Qeyd edək ki, martın 5-də İran
tərəfindən Naxçıvana edilən dron hücumundan sonra Prezident İlham Əliyev Təhlükəsizlik
Şurasının iclasında qətiyyətli fikirlər səsləndirib. Bu xarici medianın da diqqətindən
yayınmayıb. İsrail KİV-də yayımlanan məlumatlarda qeyd olunur ki, bəzi Körfəz
ölkələrindən fərqli olaraq Azərbaycan Prezidenti çıxışlarında mövqeyini
yumşaltmır və geri çəkilmir.
Jalə Rövşən
tag: Milli Məclisin deputatı ,Azər Badamov , İlham Əliyev ,Prezident,İran,Naxçıvan,Todaypress.tv,
