Azərbaycanın Türkiyədəki səfirinin sözləri separatçıları özündən çıxardı
Təhlil
19.05.2026 11:24
Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində regionda normallaşma prosesləri barədə açıqlamalar verib. Bu açıqlamalar bəzi revanşist düşüncəli erməni siyasi fəallarını əməlli başlı narahat edib.
Səfir vurğulayıb ki, Azərbaycan Türkiyə ilə tam əlaqələndirilmiş siyasət aparır və Türkiyə Xarici İşlər Nazirliyi ilə daim təmas saxlayır. Məmmədov qeyd edib ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesləri paralel şəkildə irəliləyir. “Biz addım-addım irəliləyərək bir-birimizlə uyğunlaşırıq”, – deyə səfir bildirib.
O xatırladıb ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlanılır. 7 iyun seçkilərindən sonra Ermənistan konstitusiyanı dəyişdirməli və referendum keçirməlidir. Ərazi iddiaları aradan qaldırıldıqdan sonra ABŞ-da paraflanmış sülh müqaviləsi imzalanacaq. Bundan sonra isə həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan sərhədləri açılacaq.
Səfirin bu sözlərindən sonra Ermənistan cəmiyyətində və xüsusilə Qarabağdan olan keçmiş separatçı dairələrdə hay-şüvən qopub. Bir çox erməni şərhçi və siyasətçi bunu “yeni təslimçilik dalğası” kimi qiymətləndirir.
Onlar xatırladırlar ki, vaxtilə Qarabağdakı erməni silahlı birləşmələrinin komandirlərindən olan Monte Melkonyan demişdi: “Əgər Qarabağı itirsək, Ermənistan tarixinin son səhifəsini çevirəcəyik”.
Separatçılar hesab edir ki, əvvəlcə Qarabağın itirilməsi, sonra konstitusiyada dəyişikliklər və ərazi iddialarından imtina ilə bağlı tələblər “milli maraqlara zidd”dir.
Bəziləri deyir ki, bu proses “Qərbləşmə” adı altında milli dəyərlərin və simvolların silinməsi ilə başlayıb, indi isə xarici ölkələr Ermənistanın daxili konstitusiyasını necə dəyişməli olduğunu diktə edir.
Separatçılar narahatdılar ki, Qarabağdan sonra Zəngəzur və Ermənistanın digər bölgələri də “təhlükə” altına düşə bilər.
Onlar bu vəziyyəti “ Ermənistanın sonu” kimi təqdim etməyə çalışırlar və daha çox güzəştə getməyin ölkəni zəiflədəcəyini iddia edirlər. Bir sözlə, Ermənistanı geriyə sürüməyə davam edirlər. Lakin bu reaksiyalar regiondakı reallığı dəyişmir. Azərbaycan dövlətinin mövqeyi birmənalıdır:
Sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması, konstitusiyada ərazi iddialarının tam ləğvi və qonşularla normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər çərçivəsində mümkündür. Azərbaycan Türkiyə ilə birgə hərəkət edir və Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün ardıcıl və prinsipial addımlar atır.
Bu proses Ermənistan rəhbərliyinin və cəmiyyətinin reallığı qəbul edib, keçmiş revanşist iddialardan imtina etməsindən asılıdır. Tarix dəfələrlə göstərib ki, bu tip revanşist iddialar Ermənistana yalnız təcrid və gerilik gətirib. Sülh istəyənlər üçün isə yol açıqdır.
Jalə Rövşən
tag: Azərbaycan,Türkiyə,Səfir,separatçılar,Todaypress.tv,
