Azərbaycanda SEPAH-ın casus şəbəkəsinin ifşası davam edəcək... - TƏHLİL
Təhlil
07.03.2026 20:00
“Azərbaycanda İranın kəşfiyyat şəbəkələrinin ifşası ilə bağlı prosesin davam etməsi istisna olunmur”.
Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən bildirib.

Siyasi şərhçi vurğulayıb ki, İranın Azərbaycanla kəşfiyyat müharibəsi uzun illərdir davam edir və bu müddətdə ölkədə İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslər dəfələrlə ifşa olunub:
“Əlbəttə, bu siyahının davamı da ola bilər. Artıq neçənci dəfədir ki, Azərbaycanda İran xüsusi xidmət orqanlarının şəbəkələrinə daxil olan insanlar ifşa olunur. Hətta Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyi illərdə belə, İranın burada casus şəbəkəsinin olduğu heç kimdə şübhə doğurmurdu, zaman-zaman ifşa olunurdu”.
Politoloq izah edib ki, hətta münasibətlərin yaxşı olduğu dönəmdə belə, İran kəşfiyyatının Azərbaycanda qrupunun təmsilçilərinin olduğu şübhə doğurmur. Ona görə də İranın Azərbaycanda casus şəbəkəsinin stabil şəkildə mövcudluğunu qətiyyətlə demək olar.

Analitikin sözlərinə görə, dövlətlərarası münasibətlərin xarakterindən asılı olmayaraq, kəşfiyyat fəaliyyətləri davam edir:
“Dövlətlərarası münasibətlərin gərgin və yaxud da isti olmasından asılı olmayaraq, casus şəbəkəsi yerindədir və fəaliyyət göstərir. Bu mənada istisna edilmir ki, Azərbaycanda SEPAH-ın casus şəbəkəsinin ifşası istiqamətində yeni addımlar atılacaq”.
Qeyd edək ki, Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların qarşısını alıb.

Aysel Mətləb
tag: Aydın Quliyev,SEPAH,Agent,İran,Todaypress.tv,
