Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...
Təhlil
10.03.2026 17:22
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan tərəfindən İrana humanitar yardım göndərilib.

Bu qərar İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində keçirilən telefon danışığından sonra qəbul olunub.
Maraqlıdır, bu humanist addım iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?
Məsələni politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.

O diqqətə çatdırıb ki, ölkəmiz və ölkəmizin rəhbəri milli maraqlarımıza uyğun olaraq tam müstəqil siyasət həyata keçirir:
"Biz hər hansı bir ölkə ilə münasibətlərimizi formalaşdırarkən və inkişaf etdirərkən mütləq şəkildə öz maraqlarımızdan və regiondakı vəziyyətdən çıxış edirik. Yəni regionda vəziyyətin sabitləşməsinin, sülh mühitinin formalaşmasının və əməkdaşlığın inkişaf etməsinin tərəfdarıyıq".
Analitik vurğulayıb ki, Azərbaycan hər zaman qonşularla dinc münasibətlərin tərəfdarı olub:
"Azərbaycanın İrana humanitar yardım göndərməsi bir daha ona dəlalət edir ki, ölkəmiz hər zaman öz xeyirxah mövqeyi ilə seçilir. Digər münaqişə vəziyyətlərində də Azərbaycan hər zaman yardım əlini uzatmağa hazır olduğunu göstərib. Bizim buna siyasi iradəmiz yetir və iqtisadi imkanlarımız bunu mümkün edir".

Məsud Pezeşkian və İlham Əliyev arasında baş tutan telefon danışığına diqqət çəkən ekspert deyib ki, danışıqlar iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək elementlərin aradan qaldırılmasını şərtləndirdi:
"Pezeşkianın Azərbaycan Prezidentinə zəng etməsi ona dəlalət edir ki, o, ölkəmizin başçısına, ümumilikdə isə ölkəmizə və xalqımıza həssas yanaşır, narahatlıqlarımızı nəzərə alır və vəd edib ki, baş vermiş hadisə dəqiq araşdırılacaq. Eyni zamanda o, əmin edib ki, İran qonşu ölkələrə münasibətdə dost mövqe nümayiş etdirməkdədir".
O, həmçinin əlavə edib ki, bunun ardınca Azərbaycan və İran arasında yükdaşımaların bərpa olunması və ölkə Prezidenti tərəfindən İrana humanitar yardım göstərilməsi haqqında tapşırığın verilməsi göstərir ki, iki ölkə arasında dinc qonşuluq münasibətlərinin davam etdirilməsi iradəsi mövcuddur.

“Ümid edirik ki, bundan sonrakı mərhələdə də Azərbaycan ilə İran arasında əməkdaşlıq və dinc qonşuluq münasibətləri davam etdiriləcək”.
E.Mirbəşiroğlu yekun olaraq vurğulayıb ki, bu addım Azərbaycanın müstəqil və neytral siyasətinin göstəricisidir:
Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvan aeroportuna dron hücumu həyata keçirilib. Azərbaycan tərəfi hücuma rəsmi şəkildə etirazını bildirib. İran Prezidenti Məsud Pezeşkian bir neçə gün sonra, martın 8-də Prezident İlham Əliyevə zəng edərək İranın hadisə ilə əlaqəsi olmadığını bildirib və insidentin araşdırılacağını vəd edib.
Jalə Rövşən
tag: Azərbaycan,İran,Humanitar yardım,İxrac,Elşad Mirbəşiroğlu ,Todaypress.tv,
