Azərbaycan regiondan Afrikaya yönəldi: Husilər olan coğrafiyada...
Son dövrlərdə Azərbaycanın xarici siyasətində diqqətçəkən istiqamətlərdən biri də ölkənin ənənəvi regional çərçivədən kənara çıxaraq daha fərqli coğrafiyalarda fəallığını artırmasıdır. Xüsusilə Afrika ölkələri və strateji əhəmiyyət daşıyan boğazlar kimi qeyri-ənənəvi istiqamətlərdə Azərbaycanın maraqlarının və mümkün əməkdaşlıq imkanlarının gündəmə gəlməsi bu siyasətin yeni mərhələyə keçdiyini göstərir.
Bəs Azərbaycanın bu coğrafiyalara yönəlməsində əsas məqsəd nədir? Azərbaycan diplomatiyası bu ərazilərdə hansı siyasi və iqtisadi imkanları axtarır?
Mövzu ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə TodayPress TV-yə açıqlamasında Azərbaycanın yeni coğrafiyalara açılmasının səbəblərini şərh edib.

O qeyd edib ki, əvvəllər Azərbaycan öz ərazilərində suverenliyini tam bərpa etməmişdi və buna görə də bu proseslərdə iştirak etmək çətin idi:
“İndi isə regional siyasət çərçivəsindən çıxaraq qeyri-ənənəvi coğrafiyalara yönəldiyini göstərən bir xətt varsa, deməli, Azərbaycan daha böyük strateji hədəflərə və beynəlxalq tanınmağa meyl edən, eyni zamanda biznes maraqlarını qorumağa çalışan ölkəyə çevrilir. Bu, çox yaxşı haldır.
Çünki dünyada, xüsusilə də Afrika ölkələrində və strateji boğazlarda hələ işlənməyən çoxsaylı resurslar var. Böyük dövlətlər adətən bu ərazilərə böyük investisiyalar yatırır və gələcəkdə bundan əhəmiyyətli dividendlər əldə edirlər. Azərbaycan da imkanları olduğu halda niyə bu proseslərdə iştirak etməsin, liman şəhərlərində, limanların fəaliyyətinin təşkilində, daşımalarda və təbii resursların əldə edilməsində pay sahibi olmasın?”
Partiya sədri bunu doğru siyasət hesab edir və daha da genişləndirilməli olduğunu düşünür. Lakin onun sözlərinə görə, ilk olaraq Azərbaycan xalqının maraqları təmin edilməlidir:
“İlk növbədə ölkə əhalisinin maraqları elə təmin edilməlidir ki, cəmiyyət daxilində qıcıq və ya etiraz yaranmasın. İnsanlarda “öz problemlərimizi həll etməmişik, gedib başqa yerlərə investisiya qoyuruq” kimi yanaşma formalaşmamalıdır.
Azərbaycan daxilində vətəndaşların problemlərinin həlli ilə yanaşı, xaricə çıxmaq, başqa ölkələrə investisiyalar yatırmaq, Azərbaycanın gəlirlərini artırmaq, o cümlədən daşımalar və tranzit imkanlarından, təbii resursların işlənməsindən faydalanmaq və bu sahələrdə Azərbaycanın pay sahibi olması çox yaxşı haldır”.
Qiymət Mahir