Azərbaycan İtaliyanı ələ aldı - Enerji sektorunda SOCAR inqilabı

Təhlil

06.05.2026 15:44

Rusiya qazının Avropa bazarındakı payının azalması, həmçinin Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Azərbaycan İtaliya və daha geniş mənada Avropa İttifaqı üçün alternativ və etibarlı enerji dəhlizi rolunu oynayır. Ciorcia Meloni ilə İlham Əliyev arasında baş tutan görüş bu strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir.


 Enerji təhlükəsizliyi: 

Qaz təchizatı sahəsində Azərbaycan İtaliya üçün strateji əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycan ümumilikdə 25 milyard kubmetr qaz ixrac edib, bunun 7,5–9,5 milyard kubmetri İtaliyaya yönəlib. Trans Adriatic Pipeline (TAP) vasitəsilə Azərbaycan qazı İtaliyanın ümumi qaz tələbatının təxminən 16 faizini qarşılayır ki, bu da Avropa İttifaqında ən yüksək göstəricilərdən biridir. Kumulyativ qaz tədarükü artıq 47,5 milyard kubmetrə çatıb.

Hər iki lider TAP-ın genişləndirilməsi məsələsində ortaq mövqe nümayiş etdirib. Hazırda illik əlavə 1,2 milyard kubmetr ötürmə gücü yaradılıb və sistemin tam potensialı gələcəkdə 20 milyard kubmetrə qədər artırıla bilər. Bu genişlənmə İtaliyanın Hörmüz boğazı və digər riskli enerji marşrutlarından asılılığını azaltmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Meloninin sözlərinə görə, Azərbaycan qazı “İtaliyanın enerji təhlükəsizliyi üçün həlledici rol oynayıb”. İlham Əliyev isə genişləndirmə prosesinin artıq başlandığını və davam etdirilməli olduğunu deyib. 

Bu proses göstərir ki, İtaliya öz enerji arxitekturasını şimal-şərq istiqamətində, yəni Xəzər regionuna doğru yenidən formalaşdırır.  Rusiya qazından asılılığın azalması və mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı qiymət volatilliyi fonunda boru kəməri vasitəsilə sabit təchizat daha üstün seçimə çevrilir.


Bundan başqa SOCAR-ın Italiana Petroli (IP) şirkətinin 99,82 faiz səhmlərini əldə etməsi bu əməkdaşlığın ən mühüm mərhələlərindən biridir.

Bu satınalma nəticəsində SOCAR müəyyən  strateji aktivlərə çıxış əldə edib:

İllik təxminən 10 milyon ton emal gücünə malik 2 neft emalı zavodu;

4500 yanacaqdoldurma məntəqəsi;

Aviasiya yanacağı, bitum və logistika infrastrukturu.

Bu, şaquli inteqrasiya modelidir. Başqa sözlə, Azərbaycan nefti İtaliyadakı emal müəssisələrində emal olunur və IP-nin pərakəndə satış şəbəkəsi vasitəsilə son istehlakçıya çatdırılır. Bununla da SOCAR Avropa İttifaqının üçüncü ən böyük iqtisadiyyatında tam inteqrasiya olunmuş enerji oyunçusuna çevrilir. Bu model Azərbaycan üçün uzunmüddətli iqtisadi bağlılıq və daha yüksək downstream gəlirləri yaradır.

2025-ci ildə Azərbaycan ilə İtaliya arasında ikitərəfli ticarət dövriyyəsi 10,2 milyard avroya çatıb. İtaliya  hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda Azərbaycan İtaliya iqtisadiyyatına təxminən 2,5 milyard avro həcmində sərmayə yatırıb ki, bu da iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir.


Cənub Qaz Dəhlizi Xəzər regionunu Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya vasitəsilə Avropa ilə birləşdirən strateji enerji marşrutudur. Bu dəhliz həm Rusiya, həm də Körfəz marşrutlarından kənarda yerləşən ən etibarlı alternativlərdən biridir.

Xüsusilə Hörmüz boğazında mümkün böhran şəraitində bu enerji xətti İtaliya üçün həyati əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Avropa enerji siyasətində Azərbaycanın rolunu gücləndirir və ölkəni Avropa üçün regional enerji habına çevirir.

Meloni–Əliyev görüşündə “etibarlı tərəfdaşlıq” ifadəsinin vurğulanması da qeyri-sabit beynəlxalq şəraitdə bunun təkcə iqtisadi deyil, həm də geosiyasi seçim olduğunu göstərir.

Təbii ki risklər də var: 

TAP-ın ötürmə gücünün məhdudluğu;

Azərbaycanın qaz hasilatının artım tempinin gələcək tələblərə uyğunluğu;

Və Cənubi Qafqazda mövcud geosiyasi risklər.


Bütün bu amillər göstərir ki, Azərbaycan–İtaliya enerji əməkdaşlığı artıq klassik enerji ticarəti çərçivəsindən çıxaraq qarşılıqlı asılılığa əsaslanan strateji müttəfiqlik modelinə çevrilib. Bu münasibətlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevirir, İtaliyaya isə Rusiya və Körfəz regionu ilə bağlı enerji risklərindən qorunmaq üçün alternativ mexanizm təqdim edir. Gələcəkdə TAP-ın genişləndirilməsi, yeni enerji marşrutları və sənaye əməkdaşlığının dərinləşməsi ilə bu üçtərəfli model ( Azərbaycan, İtaliya və SOCAR)  daha da güclənəcək.

Jalə Rövşən


tag: İtaliya ,Ciorcia Meloni ,Azərbaycan ,Enerji ,Todaypress.tv,