Atılan hər yanlış addım qlobal nəticələr doğura bilər - Ramiz Yunus yazır...

Təhlil

20.02.2026 20:08

2026-cı ilin əvvəlində İran ətrafında formalaşan vəziyyət geosiyasi labirinti xatırladır.

Burada atılan hər yanlış addım qlobal nəticələr doğura bilər. ABŞ ilə İran arasında Cenevrədə aparılan danışıqlar və regionda artan gərginlik fonunda aydın olur ki, tərəflər birbaşa toqquşmadan yayınmağa çalışsalar da, strateji oyun kritik nöqtəyə çatıb.

Rəsmi şəxslərin bəyanatlarına əsasən, ABŞ və İran danışıqlarda əldə olunan irəliləyişin qiymətləndirilməsində ehtiyatlı mövqe nümayiş etdirirlər. Əsas fikir ayrılıqları hələ də ciddi olaraq qalır: nüvə proqramı, ballistik raketlərlə bağlı məhdudiyyətlər və təhlükəsizlik məsələləri. ABŞ regiondakı hərbi gücünü təzyiq aləti kimi istifadə edir, İran isə dialoqa hazır olduğunu göstərərək vaxt qazanmağa çalışır. Lakin Tehranın mövqeyi hazırda son dərəcə həssasdır və yaxın günlərdə vəziyyətin qaçılmaz şəkildə müəyyən nəticə ilə yekunlaşacağı gözlənilir.

Regionun strateji əhəmiyyəti gərginliyi daha da artırır. Hörmüz boğazı vasitəsilə dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin 25 faizə qədəri, neft məhsulları nəzərə alındıqda isə təxminən 40 faizi daşınır. Burada gəmiçiliyə yaranan təhdid qlobal bazarlara və neft qiymətlərinə dərhal təsir göstərir. İran və Rusiyanın bu ərazidə keçirdiyi hərbi təlimlər yalnız taktiki məna daşımır, həm də Qərbə siqnaldır: İran və tərəfdaşları öz mövqelərini qorumağa və ABŞ ilə müttəfiqlərinin təzyiqinə qarşı dayanmağa hazırdırlar. 

ABŞ-nin taktikası aydındır və Venesuela ilə bağlı ssenarini xatırladır: blokadanın gücləndirilməsi, güc nümayişi və hərbi əməliyyat təhlükəsi vasitəsilə təzyiq. Regionda artıq müxtəlif istiqamətlərdən aviadaşıyıcı qruplar, döyüş gəmiləri və yardımçı qüvvələr cəmləşdirilib. ABŞ Prezidenti Donald Tramp İrana sərt ultimatum verib: yaxın 10–15 gün ərzində razılaşma əldə olunmasa, “çox ciddi nəticələr” reallığa çevriləcək. Burada iqtisadi və siyasi kontekst də kritikdir — belə əməliyyatlar son dərəcə baha başa gəlir, üstəlik payızda ABŞ-də Konqresə seçkilər keçiriləcək. Bu isə o deməkdir ki, istənilən addım diqqətlə hesablanacaq.

Bununla yanaşı, İran bu gün Venesuela deyil. Ölkənin iqtisadi, sosial və siyasi zəifliyi onu daha həssas edir. Böhranın güc yolu ilə həlli cəhdi bütün regionda genişmiqyaslı qeyri-sabitlik, neft qiymətlərinin artması və hər iki tərəfin müttəfiqlərinin daha geniş münaqişəyə cəlb olunması ilə nəticələnə bilər. Buna görə də danışıqlar prosesi hərbi eskalasiyanın təxirə salınması və ya qarşısının alınması üçün əsas alət kimi çıxış edir.

İran ətrafında yaranmış mövcud vəziyyət unikaldır: ölkə 1979-cu ildən bəri mövcudluğunun ən həssas mərhələsini yaşayır.

Məhz buna görə ABŞ və İsrail bu məqamdan istifadə etməyə çalışır və İranda siyasi rejimin dəyişdirilməsi ilə bağlı artıq qəbul edilmiş strateji qərarların taktiki icrasına start verilib. Tehrana təzyiq sistemli şəkildə — siyasi, iqtisadi və hərbi müstəvidə artırılır. Yaxın günlərdə danışıqların kompromislə nəticələnib-nəticələnməyəcəyi və ya böhranın daha sərt fazaya keçib-keçməyəcəyi aydın olacaq.

Bu gün informasiya, güc və strategiya heç vaxt olmadığı qədər bir-birinə sıx bağlıdır və İranın taleyi bütün region üçün lakmus kağızı rolunu oynayacaq. Bu kontekstdə məşhur hərbi strateq Karl fon Klauzevitsin sözləri xüsusilə aktual səslənir: 

“Müharibə siyasətin başqa vasitələrlə davamıdır”.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru

tag: Ramiz Yunus, İran, ABŞ, Geosiyasi, todaypress.tv,