Araşdırma davam edir... — İranla da “Rusiya ssenarisi”?
Təhlil
10.03.2026 17:30
Bildiyimiz kimi, Martın 8-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Danışıqdan sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunub, həmçinin martın 10-da Azərbaycan tərəfindən İrana humanitar yardım yola salınıb.
![]()
Bu hadisə bizə "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasını xatırladır.
Belə ki, həmin hadisədən sonra da 2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdə Rusiya Prezidenti tərəfindən verilən söz hələ də yerinə yetirilməyib, hadisə tam araşdırılmayıb.

Maraqlıdır, İranla da eyni ssenari təkrarlana bilərmi?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi Naxçıvana qarşı dron hücumları ilə bağlı Azərbaycan və İran arasında yaşanan gərginliyin telefon zəngindən sonra yumşalmağa doğru getdiyini ifadə edib:

“Azərbaycan tərəfi İrana 30 tonluq humanitar yardım göndərdi və bu onu göstərir ki, iki ölkə arasında münasibətlərin dostluq, qonşuluq, qohumluq istiqamətində yenidən qurulması üçün addımlar atılır. Naxçıvana edilən dron hücumunda Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı ssenarinin elementlərini görsək də, hadisəni tam olaraq onun təkrarı kimi qəbul etmək doğru olmaz. İran Prezidenti bu istiqamətdə araşdırmaların aparıldığını bildirib. Hücumun məsuliyyətini öz üzərlərinə götürmürlər. Belə bir vəziyyətdə iki versiya üzərində dayanmaq lazım gəlir. Bunlar dronların üçüncü ölkə tərəfindən atılma ehtimalı və müharibə şəraitində olan ölkədən qaynaqlanan yan təsir ehtimalıdır. Əlbəttə ki, belə hadisələr Rusiya tərəfindən də Avropa ölkələrinə qarşı həyata keçirilib”.
Analitik məsələnin diplomatik yollarla həll olunmalı olduğunu bildirib:
“Telefon zəngi və iki ölkə prezidentlərinin dostluq şəraitində apardıqları danışıqlar ölkələr arasında eskalasiyaya səbəb olma riskini azaldır. Bu, həmçinin regional müharibənin Cənubi Qafqaza keçmə riskini də xeyli dərəcədə zəiflətdi. İran Prezidenti bəlkə də İranda yeganə dövlət nümayəndəsidir ki, imkanı daxilində ortalığı yumşaltmaq məqsədi ilə cəhdlər edir. Lakin İranın siyasi dövlət quruluşu onun səlahiyyətlərinə imkan vermir ki, bu istiqamətdə daha çox addımlar ata bilsin. Bu baxımdan Pezeşkian və İlham Əliyev arasında telefon danışığı iki ölkə arasında gərginliyin aradan qaldırılması istiqamətində diplomatik manevrdir və regional sabitliyə doğru atılan siyasi addım kimi qiymətləndirilir. İran Prezidenti Naxçıvana düşən PUA-ların İranla əlaqəsi olmadığını vurğulayıb. Azərbaycan tərəfi isə öz növbəsində hadisənin araşdırılmasının vacibliyini qeyd edib. Region onsuz da ABŞ–İsrail və İran qarşıdurması səbəbindən həddən artıq gərgindir. Telefon danışığı daha bir cəbhənin açılmasının qarşısını aldı və əlbəttə ki, bunun baş verməsini arzulayan düşmənlərin arzusu ürəklərində qaldı”.
Ç.Şahbazi əlavə edib ki, Azərbaycanın hadisənin araşdırılmalı olduğu barədə tələbi İran tərəfindən də eyni şəkildə səsləndirilir:
“Burada üçüncü tərəfin iki ölkə arasında təxribat xarakterli planlar həyata keçirməyə cəhd etməsi ehtimalı da istisna edilmir. Diplomatiyada belə formullar istisna edilə bilməz. İranın “biz etməmişik, kim etdiyini araşdırırıq” deməsi Azərbaycanı müəyyən müddətə qədər qane edə bilər. Çünki Azərbaycanın müharibəyə cəlb olunmasına imkan verməmək ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Prezidentinin baş verənlərlə bağlı verdiyi bəyanat, sonrakı telefon danışıqları, humanitar yardımın göndərilməsi və digər addımlar məhz ölkəmizə yaraşan davranışdır və əlbəttə ki, düşmən mövqelərinə vurulan siyasi və diplomatik zərbədir”.
Qiymət Mahir
tag: İran,Azərbaycan,Pezeşkian,Naxçıvan,TodayPress TV,
