Amerikanın arzusu "ÇİN" olur - Putin əsas "kozır"ını itirir?

Amerikanın arzusu "ÇİN" olur - Putin əsas "kozır"ını itirir?
24.09.2026 16:00 Təhlil

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən son görüş fonunda Vaşinqton-Pekin münasibətlərində yeni mərhələ müzakirə olunur. Trampın Çinlə dialoqu gücləndirməsi Moskva-Pekin strateji tərəfdaşlığının gələcəyi ilə bağlı sualları da aktuallaşdırır.

Maraqlıdır, Trampın Sin Pi ilə görüşündən Moskva narahat olmalıdırmı?


Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Tramp və Sinin görüşü Moskva üçün müəyyən problemlər yarada bilər:

“Əvvəla, iki ölkə arasında münasibətlərin yaxşılaşması iqtisadiyyat, ticarət, süni intellekt və İranla bağlı məsələlərdə anlaşmaların əldə olunmasına şərait yarada bilər. Bu isə Rusiyanın əlindəki müəyyən kozırların aradan qalxmasına səbəb olur". 

Analitik qeyd edib ki, Amerikanın bundan sonra Çindən bir sıra məsələlərdə tələblər irəli sürmək imkanı yaranır:

"Məsələn, Rusiyaya göstərilən yardımların və güzəştlərin məhdudlaşdırılması, xüsusilə silah-sursat tədarükünün qarşısının alınması məsələsi gündəmə gələ bilər. Nəzərə alsaq ki, Rusiyanın xarici ticarətinin təxminən 35 faizi Çinlə bağlıdır, ABŞ-Çin münasibətlərinin yaxşılaşması Vaşinqtona Çin üzərindən Rusiyaya təzyiq imkanlarını genişləndirə bilər.

Eyni zamanda, ABŞ ilə anlaşma Çinin Rusiya ilə bağlı bəzi planlarını təxirə salmasına və ya Moskva üzərindən təzyiq imkanlarından istifadə ehtiyacının azalmasına gətirib çıxara bilər". 

O düşünür ki, Çinlə Rusiyanın strateji tərəfdaşlığı davam etsə də, Rusiya ilə ABŞ arasında da müəyyən təmaslar mövcuddur:

"Çin və ABŞ arasında yaxınlaşma Moskvanın manevr imkanlarını məhdudlaşdıra bilər. Rusiya indiyədək Çinlə yaxınlığından ABŞ-yə, ABŞ ilə münasibətlərindən isə Çinə qarşı müəyyən üstünlük kimi istifadə edə bilirdi. Bu iki ölkənin əsas məsələlərdə anlaşması isə Moskvanın belə manevr imkanlarını azaldır.

Əgər Çin və ABŞ bir sıra böyük məsələlərdə, o cümlədən geosiyasi məsələlərdə ortaq mövqe formalaşdırarsa, Rusiya müəyyən proseslərdə kənarda qala bilər. Ukrayna müharibəsi fonunda onsuz da ciddi problemlərlə üzləşən Moskva üçün bu, əlavə çətinliklər yarada bilər”.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin 10 ildən artıq müddətdən sonra Vaşinqtona rəsmi dövlət səfərinə gəlib. Tramp onu şəxsən və təntənəli hərbi nümayişlə qarşılayıb. 

Jalə Rövşən

FOTOLAR

Amerikanın arzusu "ÇİN" olur - Putin əsas "kozır"ını itirir? — 1
XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər