Almaniya Çinin ƏSAS TƏRƏFDAŞI oldu: ABŞ-ni nə gözləyir?

Təhlil

23.02.2026 21:36

Almaniyanın ABŞ-yə ixracı kəskin şəkildə azalıb, Çin isə yenidən onun əsas ticarət tərəfdaşı olub.

Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyanın ABŞ-yə ixracı 2025-ci ildə 9,4% azalaraq 146,2 milyard avroya düşüb. Avtomobillərin və avtomobil hissələrinin tədarükü xüsusilə kəskin azalıb.  


Bəs bu yaxınlaşma qlobal güc balansına necə təsir edə bilər?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danşarkən bildirib ki, Çinlə Avropa İttifaqı (Aİ) arasında yaxınlaşma qlobal güc balansına təsir göstərir və bu proses ABŞ-ni narahat edir.


"ABŞ ilə Almaniya arasında Rusiya-Ukrayna müharibəsinə görə fikir ayrılıqları mövcuddur. Lakin Çin Avropaya öz iqtisadi təsirini artırır və xüsusilə son bir ildə Aİ ilə Çin arasında siyasi-iqtisadi əlaqələrdə baş verən yaxınlaşma artıq Avropa ölkələrini Pekinlə iqtisadi əməkdaşlığa vadar edir", - deyə siyasi şərhçi izah edib.

Analitik qeyd edib ki, bu proses ABŞ ilə Avropa İttifaqı arasında gömrük və tarif məsələləri fonunda daha da sürətlənib. Onun fikrincə, ABŞ-nin Çinə tətbiq etdiyi gömrük tarifləri də Çinin Avropa İttifaqına diqqətinin artmasına səbəb olub. Politoloq bildirib ki, bu vəziyyət qlobal güc balansına təsir edir və ABŞ yeni dünya siyasi nizamını yenidən formalaşdırmağa çalışır. 


Əsədullazadə vurğulayıb ki, Çinlə Almaniya arasında iqtisadi yaxınlaşma Vaşinqtonu narahat edən əsas amillərdən biridir:

"ABŞ Çinin iqtisadi imperiya qurmasının qarşısını almaq istiqamətində ciddi addımlar atır və yaxın perspektivdə Çin-Almaniya və ABŞ münasibətlərində gərginliyin artması mümkündür. Həmçinin Çinlə Avropa İttifaqı arasında yaxınlaşma beynəlxalq siyasi nizamda ABŞ-nin təsir imkanlarını zəiflədə bilər".

Aysel Mətləb

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Çin,Almaniya,ABŞ,Ticarət,Dünya,Todaypress.tv,