Ali Məhkəmə Trampı HAQSIZ ÇIXARDI: Qərar administrasiyaya necə təsir edəcək?

Təhlil

21.02.2026 22:31

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın 1977-ci ildə milli fövqəladə hallar üçün nəzərdə tutulmuş federal qanuna əsasən tətbiq etdiyi birtərəfli tariflərə qarşı qərar çıxarıb.

Ali Məhkəmə 6 səs lehinə, 3 səs əleyhinə olmaqla prezidentin tarif tətbiq edərkən səlahiyyətlərini aşdığını müəyyən edib.

“CNN” qeyd edir ki, bu qərar, son bir ildə dəfələrlə prezidentin tərəfini tutan hazırkı Tramp administrasiyasının Ali Məhkəmədə uğradığı ən böyük məğlubiyyət olub.

Maraqlıdır, məhkəmənin bu qərarı Tramp administrasiyasına necə təsir edəcək? 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, ABŞ Ali Məhkəməsinin qərarı Tramp administrasiyasına qarşı hüquqi müqavimət xarakteri daşıyır və bu, daxili siyasi-iqtisadi mübarizəni gücləndirə bilər. 


“ABŞ Ali Məhkəməsinin Donald Tramp administrasiyasının qərarlarını bloklaması və ya əks qərar qəbul etməsi Prezident Trampın həyata keçirdiyi siyasətə hüquqi müqavimət kimi qiymətləndirilə bilər. Tramp administrasiyası bu vəziyyətdən qətiyyən məmnun deyil və prezident Ali Məhkəmənin qərarına reaksiya verərkən qəzəbli mövqe sərgiləyib”, - deyə analitik vurğulayıb. 

Politoloqun sözlərinə görə, Tramp administrasiyası ABŞ vətəndaşlarının qazandığı hər dolların dəyərini bildiyini önə çəkərək öz mövqeyini əsaslandırmağa çalışır. 


“Tramp qərardan narazı qaldığını göstərərək bütün dünya üzrə ABŞ-nin idxal-ixrac prosesinə əlavə 10% gömrük rüsumu tətbiq etdiyini bəyan edib. Bu addım Tramp administrasiyasının tarif siyasətindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir”, - deyə E. Xalidbəyli izah edib. 

Ekspert əlavə edib ki, həm administrasiyanın yüksək vəzifəli təmsilçiləri, həm də rəqibləri Ali Məhkəmənin qərarının Trampın siyasəti üçün müəyyən problemlər yarada və əks-təbliğat vasitəsinə çevrilə biləcəyini anlayırlar. 

Onun sözlərinə görə, rəqiblər artıq bu məsələni siyasi piar və yaxud təbliğat predmetinə çevirməyə çalışırlar. 


“Prezident Tramp qətiyyətli mövqe nümayiş etdirmək istiqamətində addımlar atmağa çalışır və yaranmış vəziyyət ABŞ daxilində siyasi-iqtisadi mübarizənin əsas təsir amillərindən birinə çevrilir. Zaman keçdikcə Tramp administrasiyasına qarşı analoji hüquqi qərarların, müqavimət addımlarının artması və intensivləşməsi istisna deyil”, - deyə siyasi analitik fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Elçin Xalidbəyli,Tramp,Tarif,Məhkəmə,Todaypresss.tv,